O abidəni niyə vurmadıq…backend

O abidəni niyə vurmadıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin 27 sentyabır–1 noyabr tarixləri arasında davam edən 44 günlük Vətən müharibəsi zamanı sosial şəbəkələrdə bu abidənin şəkli tez-tez paylaşılır, onu vurmağa çağırışlar edilirdi. Söhbət Qarabağda – Xankəndi şəhəri yaxınlığında yerləşən “Biz və bizim dağlar” adlı qalmaqallı abidədən gedir.

Ona görə qalmaqallı ki, onunla bağlı dəfələrlə beynəlxalq tədbirlərdə mübahisələr düşüb. Ermənilər hər dəfə Azərbaycan ərazisində ucaldılmış bu monumental heykəltəraşlıq nümunəsini öz adlarına çıxmağa, onu erməni mədəni irsinin ayrılmaz hissəi kimi təqdim etməyə çalışanda Azərbaycanın rəsmi qurumlarının müdaxiləsi ilə susdurulublar.

Amma “kor tutduğunu buraxmayan kimi” ermənilər də “Biz və bizim dağlar”dan əl çəkmək niyyətində olmadıqlarını bu gün də nümayiş etdirməkdədirlər.

Xatırladaq ki, “Biz və bizim dağlar” monumental abidəsinin açılışı 1967-ci ildə olub. Doğrudur, Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində yerləşən abidənin müəllifi erməni mənşəli heykəltəraş Sarkis Baqdasaryandır. Amma həmin vaxt Xocavənd sakini olan Sarkis Baqdasaryan Azərbaycan vətəndaşı idi, abidə də Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində ucaldılıb, ona görə də Azərbaycan mədəni sərvəti sayılır.

Ermənilərin arsında həm də “Baba və nənə” adı ilə tanınan bu abidəni Qarabağdakı seperatçı-terrorçular özlərinin simvolu kimi qondarma gerblərində təsvir ediblər.

Yeganə səbəb də Azərbaycanın mərkəzindəki həmin abidəninin müəllifinin erməni mənşəli olmasıdır.

2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən bir festivalda Azərbaycan pavilyonu “Biz və bizim dağlar” abidəsi formasında tərtib olunanda ermənilər böyük hay-küy qaldırmış, onun erməni mədəni sərvəti olduğunu iddia edərək, beynəlxalq təşkilatlara şikayət ünvanlamışdılar. Amma şikayətləri nəticəsiz qalmışdı.

Hələ 2009-cu ildə də sözügedən abidə ilə bağlı qalmaqal yaşanmışdı. Buna Azərbaycan ərazisindəki həmin abidənin təsvirinin erməni ifaçılarının reklam çarxına daxil edilməsi səbəb olmuşdu.

Azərbaycan XİN-in etirazından sonra “Eurovision”un təşkilat komitəsi ermənilərin bu hərəkətini siyasi addım hesab etmiş və “Biz və bizim dağlar” abidəsinin görüntüsünü Ermənistan mahnısının reklam çarxından çıxarmışdı.

Rəsmi Bakı bununla da qarşı tərəfə abidənin Azərbaycanın incəsənət nümunələri sırasına daxil olduğunu qəbul etdirmişdi.

Yaşlı nəsildən olan şəxslər deyirlər ki, sovet dövründə “Biz və bizim dağlar” abidəsi o qədər də baxımlı vəziyyətdə olmayıb. Abidənin böyür-başı erməni əyyaşlarının məskəni imiş.

Yalnız 80-ci illərin sonlarında Ermənistanın himayə etdiyi separatçılar Qarabağda qondarma rejim yaratdıqlarını elan edəndə “Biz və bizim dağlar” abidəsi yadlarına düşdü, onu dünyaya erməni mədəni sərvəti kimi tanıltmağa çalışdılar.

Hətta 2013-cü ilin sentyabrında Moskva şəhərində yaşayan erməni iş adamı Karen Avakumyanın maddi vəsaiti hesabına abidəni yenidən qurdular.

Amma dünya Qarabağdakı seperatçıları tanımadığı kimi, beynəlxalq təşkilatlar da Xankəndi yaxınlığındakı “Biz və bizim dağlar” abidəsinin Azərbaycana məxsus olduğunu qəbul etməyə məhkumdur. Ermənilər nə qədər hay-küy salırlar salsınlar…

Azərbaycan Ordusu bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazidə yerləşən “Biz və bizim dağlar” abidəsini vura bilməzdi, çünki o bizim tariximizə məxsus mədəniyyət nümunəsidir.

modern.az