Ödənişli yolda sürət həddi vətəndaşların hüquqlarının pozulmasıdır – Ekspertbackend

Ödənişli yolda sürət həddi vətəndaşların hüquqlarının pozulmasıdır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verildiyi gündən bəri bir sıra səbəblərdən etirazlarla qarşılandı.

Narazılıqların başlıca səbəbi yoldan istifadə müqabilində tələb olunan tariflərin olduqca yüksək olması ilə bağlıdır. Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib .

Bu isə ödənişli yoldan mütəmadi istifadə edən vətəndaşlar üçün ümumiyyətlə sərfəli deyil. Digər tərəfdən isə ödənişli yolda müəyyən sürət hədlərinin tətbiq olunması yolun öz əhəmiyyətini itirdiyi istiqamətində iradlara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ödənişli yolda sürət hədlərinin tətbiqi həmin yoldan istifadə edən vətəndaşların hüquqlarının pozulması deməkdir:

“Ümumiyyətlə Quba istiqamətində istifadəyə verilən ödənişli yolla bağlı bir sıra narazılıqlar var. Birinci narazılıq tariflərin yüksək olması ilə bağlıdır. Hətta dünən millət vəkili Vahid Əhmədov da bu yolda qiymətlərin baha olmasını dilə gətirdi. Həqiqətən də bu yoldan istifadə edənlər üçün çox yüksək məbləğdir.

Digər tərəfdən ödənişli yolun yaxınlığından keçən ənənəvi köhnə yol isə dağılıb və sıradan çıxıb. Bu isə Quba və Xaçmaz istiqamətində hərəkət edən insanlar üçün ciddi problemlər yaradır. Sürət həddi dünyanın istənilən avtobanında mövcuddur. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda istifadə olunan avtomobillərin əksəriyyəti işlənmiş və istismar müddəti başa çatmağa yaxınlaşan maşınlardır. Buna görə də nəqliyyat vasitəsinin maksimal sürəti ciddi qəzalara gətirib çıxara bilər. Bu səbəbdən sürətin müəyyən həddə qədər məhdudlaşdırılması məqsədəuyğun hesab olunur.

Amma digər magistrallarda olduğu kimi saatda 110 km/saat və daha aşağı sürət tətbiq olunursa, bu bir növ ödənişli yoldan istifadə edən vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki insanlar sürətli hərəkət etmək məqsədi ilə o yola ödəniş edir. Buna görə də ödənişli yolda kəskin məhdudlaşdırıcı sürət həddinin olmasını qəbul etmək olmaz. Bundan əlavə yolun girişində sürət hədləri ilə bağlı məlumatverici nəqliyyat nişanları qoyulmalıdır”.

Ekspert həmçinin yol üzərində lazımi infrastrukturun qurulmadığını qeyd edib:

“Sürətli yol hazır olan kimi istifadəyə verildi. Yolu istifadəyə verərkən sağ və solunda infrastrukturun qurulması ilə bağlı işlər görülməyib. Məsələn, digər magistral yollarda olduğu kimi yol üzərində ictimai iaşə məntəqələri quraşdırılmalıdır. Ancaq bunun yaradılması özəl sektorun üzərinə düşür. Bildiyiniz kimi, bu gün ictimai iaşə sektorunda daha çox özəl sektorun payı var. Dövlətin üzərinə düşən sadəcə yol üzərində istirahət məntəqələrinin istifadəyə verilməsidir. Düşünürəm ki, yoldan istifadə edənlər üçün bu da haqlı narazılıqlardan biridir. Yəqin ki, bundan sonra yaddan çıxan çatışmazlıqların aradan qaldırılması ilə bağlı işlər görüləcək”.