Qlobal geosiyasi arenada baş verən son gərginliklər və xüsusilə Hörmüz boğazı ətrafında dərinləşən böhran, beynəlxalq logistika marşrutlarının təhlükəsizliyi məsələsini yenidən dünyanın əsas müzakirə mövzusuna çevirib. Dünya ticarətinin və enerji daşımalarının mühüm arteriyası hesab olunan Hörmüz boğazında risklərin artması, qlobal gücləri və regional oyunçuları alternativ, daha təhlükəsiz nəqliyyat dəhlizləri axtarmağa vadar edir. Bu kontekstdə, Türk dünyasını bir-birinə bağlayan və Şərqlə Qərb arasında ən etibarlı quru marşrutu hesab olunan Orta Dəhliz proqramının strateji çəkisi həndəsi silsilə ilə artmaqdadır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyi kimi, Hörmüz mərkəzli böhranlar fonunda bu nəqliyyat layihələri uzun illər ərzində qlobal iqtisadiyyatın prioritet istiqaməti olaraq qalacaq. Orta Dəhlizin ən kritik və tamamlayıcı halqası olan Zəngəzur dəhlizinin açılması isə artıq sadəcə regional inteqrasiya məsələsi deyil, qlobal tədarük zəncirinin qorunması üçün qaçılmaz bir zərurətə çevrilir. Ermənistanda gözlənilən taleyüklü parlament seçkilərindən sonra bölgədə geosiyasi mənzərənin dəqiqləşməsi, rəsmi İrəvanın bu qaçılmaz reallığı qəbul edərək blokadanın açılması prosesinə daxil olmasını sürətləndirə bilər.
Məsələni NOCOMMENT.az-a şərh edən politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Hörmüz boğazındakı qeyri-sabitlik Zəngəzur dəhlizinin açılmasını beynəlxalq güclər üçün bir növ təhlükəsizlik sığortasına çevirib: "Hazırda Yaxın Şərqdə və Hörmüz boğazında yaşanan hərbi-siyasi böhran qlobal ticarət yollarını iflic etmək həddinə çatdırıb. Belə bir şəraitdə, Çindən Avropaya qədər uzanan nəhəng coğrafiyada kəsintisiz və təhlükəsiz quru nəqliyyatının təmin olunması üçün Zəngəzur dəhlizi yeganə və ən rasional alternativ kimi çıxış edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələni Türk Dövlətləri Təşkilatının zirvəsində xüsusi vurğulaması təsadüfi deyil; bu, Ankara və Bakının qlobal böhranları düzgün analiz edərək strateji üstünlüyü ələ keçirmək diplomatiyasıdır. Hörmüz böhranı böyüdükcə, Qərb dünyası da, Asiya nəhəngləri də Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artırmalı olacaqlar".
Onun sözlərinə görə, Ermənistandakı daxili siyasi proseslər və seçki sonrası dövr bu dəhlizin reallaşma qrafikinə birbaşa təsir göstərəcək: "Ermənistandakı revanşist və Moskvayönümlü qüvvələr Zəngəzur dəhlizini bir hədə qorxusu kimi təqdim etməyə çalışsalar da, seçkilərdən sonra formalaşacaq siyasi iradə real iqtisadi mənfəətləri üstün tutmaq məcburiyyətində qalacaq. Ermənistan rəhbərliyi anlamalıdır ki, Hörmüz böhranının yaratdığı bu tarixi konseptdə Zəngəzur layihəsinə mane olmaq qlobal ticarət maraqlarına qarşı çıxmaq deməkdir və bu, İrəvanı tamamilə təcrid edə bilər. Əksinə, bu prosesin sürətlənməsi Ermənistanın özünün də iqtisadi blokadadan çıxmasına və regional sülhün bir parçası olmasına imkan yaradacaq. Bölgədə dayanıqlı sabitlik üçün Türk dövlətlərinin həm müdafiə sənayesi, həm də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ortaq reflekslər nümayiş etdirməsi, kənar güclərin Zəngəzur prosesini sabotaj etmək cəhdlərini tamamilə neytrallaşdıracaq".
Tunar,
NOCOMMENT.az












