Paşinyan vədinə sadiq qalacaqmı? – Brüssel görüşündən sonra…backend

Paşinyan vədinə sadiq qalacaqmı? – Brüssel görüşündən sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının başçısı Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra Şarl Mişelin bəyanatı yayılıb. Bəyanatda danışıqların müsbət nəticələndiyi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ikitərəfli komissiyanın çağırılacağı və sülh sazişinə hazırlıqla bağlı tərəflərin razılığa gəldiyi qeyd olunub.

NOCOMMENT xəbər verir ki, görüşün nəticələri haqqında modern.az-a danışan deputat Elşad Mirbəşiroğlunun fikrincə, prosesin mahiyyətini tam analiz etmək üçün bundan öncəki görüşə nəzər salmaq lazımdır.

“Bundan əvvəl, ötən il dekabr ayının ortasında ilk üçtərəfli görüş keçirilmişdi. Bu görüş zamanı Ermənistan sülh sazişi imzalamağa meylli olduğunu nümayiş etdirdi. Hətta sərhədlərin delimitasiya və demarkasiyası üçün işçi komissiyanın yaradılmasına müsbət yanaşdı. Amma görüşdən indiyə kimi Ermənistan addım atmayıb. Əksinə, bu müddətdə ATƏT-in Minsk qrupunu yenidən prosesə cəlb etmək istəyini gördük.

Yaxşı xatırlayırıq ki, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı Ermənistan yenə spekulyasiyalar edirdi. Bundan Azərbaycana qarşı şantaj vasitəsi kimi istifadə etmək niyyətində idi. Azərbaycan isə Naxçıvanla quru əlaqəsinin yaradılması üçün İranla razılaşma əldə edəndən sonra Ermənistanın bu şantaj vasitəsi də əlindən çıxmış oldu. Bir sözlə, Azərbaycan özünün unikal siyasi gedişləri ilə Ermənistanı manevr imkanlarından tam məhrum etdi. İndi rəsmi İrəvan yeganə çıxış yolunun qaldığını anlayır. Bu yol isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, – deyə deputat Brüssel görüşündən danışıb.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Brüssel görüşü Azərbaycanın öz mövqeyini bir daha qəbul etdirməsi baxımından, olduqca əhəmiyyətli keçdi: “Başlıca yadda qalan məsələ tərəflərin XİN rəhbərlərinə yekun sülh sazişi üzərində işləməyi tapşırması idi. Aprelin sonuna kimi işçi qrup yaradılmalıdır. Daha əvvəl bu qədər konkretlik nümayiş edilməmişdi. Digər məqam isə sərhədlərin delimitasiya və demarkasiyasının aparılması idi. Hesab edirəm ki, yekun sülh sazişinin imzalanması üçün bunlar prinsipial addımlardır.

Azərbaycan öz haqlı mövqeyini bir daha uğurla müdafiə etdi. Yekun sülh sazişinin hazırlanması zamanı mübahisə doğuran məsələlərə aydınlıq gətirilməsi nəzərdə tutulacaq. Buna daha çox diqqət yetirmək lazımdır. Ermənistan üçün mübahisəli məqamlar nələrdir – bu sualın cavabı vacibdir. Ermənistan status üzərində israr etməyəcəksə, digər məsələlərin həlli asan olar”.

Deputat Fatma Yıldırım hesab edir ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının marağındadır.

Bu səbəbdən də Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında mövcud problemlərin tezliklə həll olunması və sülh sazişinin imzalanmasını dəstəkləyir: “Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində atılan mühüm addımdır.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. Digər tərəfdən, bəyanatda Fərrux kəndi ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə Azərbaycanın daxili işi kimi yanaşır”.

Parlamentarinin sözlərinə görə, bəyanatda ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, o deməkdir ki, faktiki olaraq Minsk qrupunun həmsədrlik institutu tarixin arxivinə göndərilib. Bütövlükdə, görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Məqsəd ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

“Hər iki tərəfin Avropa İttifaqına etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan lider kimi qəbul olunur.

Bu səbəbdən beynəlxalq birlik Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan mövqe təqdirəlayiqdir. Məlumdur ki, Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təkliflərini göndərib. Brüssel görüşündə bu məsələ diqqət mərkəzində olub. Belə ki, görüşdə əldə edilmiş razılığa əsasən ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcək.

Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub. Ümumiyyətlə, Brüssel görüşü Prezidentimiz İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi”, – deyə Fatma Yıldırım vurğulayıb.

Brüssel görüşünün əhəmiyyətindən söz açan deputat Asim Mollazadə qeyd edib ki, Azərbaycana sülh, bölgəyə sabitlik lazımdır: “Məhz buna görə, Azərbaycan bütün zəruri addımları atır. Əslində Ermənistan üçün bir dövlət kimi, bu, yeganə xilas yoludur. Ümidvarıq, Ermənistan bu istiqamətdə real addımlar atacaq, sülh sazişi üzərində ciddi düşünəcək. Amma şübhələr də var. Çünki Ermənistan dəfələrlə müxtəlif sazişlər imzalayıb, lakin hər məqamda prosesi ləngidib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Gözləyək görək, Ermənistanın budəfəki hərəkətləri nədən ibarət olacaq. Prosesin gedişində öz üzərimizə götürdüyümüz bütün öhdəlikləri həmişə dəqiqliklə yerinə yetiririk. Ermənistan özünü xilas etmək istəyirsə, işə başlamalıdır”.