“Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı və Ermənistan–Rusiya münasibətləri haqqında verdiyi iddialı bəyanatlar siyasi ekspertlərin diqqət mərkəzindədir. Xüsusilə, baş nazirin ölkələr arasındakı əlaqələri “tarixi zirvədə” adlandırması birmənalı qarşılanmayıb”.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan öz açıqlamalarında reallıqdan uzaqlaşıb: “Nikol Paşinyan açıqlamasının bu hissəsinin barıtını çox edib. Onun Rusiya Prezidenti Vladimir Putinlə son görüşündəki müzakirələr münasibətlərin hamar olmadığından xəbər verirdi. İqtisadi rəqəmlər də geriləməni göstərir; iki il əvvəl 11 milyard dollar olan ticarət dövriyyəsi ötən il 6,4 milyard dollara düşüb. Görünür, Paşinyan bu sözlərlə seçki öncəsi həm seçiciləri sakitləşdirməyə, həm də Kremlə ‘münasibətləri gərginləşdirməyək’ mesajı göndərməyə çalışır.”

Elxan Şahinoğlu qeyd edib ki, Moskva ilə İrəvan arasındakı soyuqluğa rəğmən, Kremlin seçimi məhduddur: “Kremldə Ermənistan istiqamətinə cavabdeh olan Sergey Kiriyenko erməni həmkarlarıyla görüşlərdən imtina edib. Ancaq orası da var ki, Kremldə Paşinyanın üstündən xətt çəksələr də, Ermənistanda parlament seçkisindən sonra böyük ehtimalla yenidən onunla yola davam etmək məcburiyyətində qalacaqlar.”
Politoloq qeyd edib ki, Paşinyan daxili siyasətdə müxalifəti küncə sıxışdırmağı bacarıb: “Nikol Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb. Müxalifətin ‘sülh şərtlərinə yenidən baxılmalıdır’ ideyası faktiki olaraq Azərbaycanla yeni müharibəyə çağırışdır. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb, saziş paraflanıb. Erməni radikallar isə reallıqları nəzərə almayaraq mənasız tələblər irəli sürürlər. Elə bu yanaşmaya görə 26 illik danışıqlar nəticə verməmişdi və Azərbaycan güc yolu ilə ərazi bütövlüyünü təmin etdi.”
Tunar,
NOCOMMENT.az









