Pekres Fransada namizəddirsə, Xankəndidə nə gəzir?backend

Pekres Fransada namizəddirsə, Xankəndidə nə gəzir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Fransada prezident seçkilərinə 3 aylıq bir müddət qalıb. Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekres öz ölkəsinin regionlarına səfər etmək əvəzinə Ermənistana gəlir və Azərbaycanın Xankəndi bölgəsinə səfər edib, orda separatçılarla görüşür. Əminəm ki, seçkilər zamanı xalq ondan bu səfəri ilə bağlı hesabat tələb edəcək.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu hərəkət Pekresin avantüristliyinin göstəricisidir: “Pekresin Fransanın problemləri ilə məşğul olmaq yerinə Xankəndiyə səfər etməsi onun avantürist siyasətçi olduğunun sübutudur. Belə hərəkətlər Azərbaycan və Fransa arasında münasibətlərə də öz mənfi təsirini göstərə bilər. Fransa həm də Minsk Qrupunun həmsədri kimi məsuliyyətini dərk etməlidir. Hazırda Fransa kompaniyaları Azərbaycanda iş görməyə çalışırlar. Bu siyasətlə fransız şirkətlərinin də yolu bağlanır”.

Ekspert Paşinyanın və rus sülhməramlılarının ikiüzlü fəaliyyətinə də toxunub: “Paşinyan bir tərəfdən yolların açılmasından, iqtisadi əlaqələrin qurulmasından bəhs edir, digər tərəfdən belə hallara şərait yaratmaqla prosesin gedişatını əngəlləyir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları isə bəzən səlahiyyətlərindən kənara çıxırlar. Laçın dəhlizi orada yaşayan ermənilərin Ermənistana gediş-gəlişinin təmin olunması üçündür. Xarici ölkələrin vətəndaşları isə ancaq Azərbaycanın icazəsi ilə Qarabağa səfər edə bilərlər”.

Politoloq təxribatların qarşısının alınması üçün Azərbaycan Ordusunun Laçın dəhlizində nəzarəti bərpa etməli olduğunu vurğulayıb: “Daha əvvəl baş verənlər və son təxribat göstərir ki, Azərbaycan Silahlı Qüvvələri mütləq şəkildə Laçın dəhlizinin girişində postlar qurmalı və əraziyə gəlib-gedənlərə özü nəzarət etməlidir. Bölgədə dayanıqlı sülhün təmin olunmasının bir yolu delimitasiya və demarkasiya prosesinin başlamasıdırsa, ikinci şərti isə Laçın dəhlizinin girişində postların qurulmasıdır”.