Polis və prokurorun müşaiyəti ilə “törətdiyi qətli etiraf etmiş” şəxs bəraət aldı – VİDEObackend

Polis və prokurorun müşaiyəti ilə “törətdiyi qətli etiraf etmiş” şəxs bəraət aldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsi qətl törətməkdə təqsirli bilinərək 11 il cəza almış Polad İsmayılov barəsində bəraət hökmü çıxarıb.

NOCOMMENT.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, qətl törətməkdə suçlanaraq 11 il cəza almış Polad İsmayılovun işinə indi yenidən baxılır.

Məsələ Ali Məhkəməyə çıxanda, bu instansiyanın hakimləri belə nəticəyə gəlib ki, onun işinə düzgün baxılmayıb. İşi geri – Şəki Apellyasiya Məhkəməsinə qaytarıb ki, yenidən araşdırılsın.

Sentyabrın 18-də təkrar araşdırmalar başlayıb, Polad İsmayılov ifadə verib. O bildirib ki, 4 ilə yaxındır törətmədiyi cinayətə görə cəza çəkir.

Gəncə sakini olan 50 yaşlı Polad İsmayılov 2020-ci ilin fevralından həbsdədir. O, 2011-ci ilin fevralında Zaqatalada 61-yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanır.
Cinayət işinin materiallarında göstərilib ki, “Mega Trans” MMC-də çalışan, yük maşını sürən Polad İsmayılov Zaqatala-Balakən bölgəsində olarkən Seyran Əyyubovanın müxtəlif adamlara günlük kirayə verilən evində qalırmış. Həmin evdə eyni vaxtda 10-15 nəfərin gecələdiyi günlər olurmuş.

Qətlin səbəbinə gəlincə, iddia olunur ki, hadisədən bir gün öncə ev sahibi Polad İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası yatacaq. Səhər oyananda İsmayılov həmin çarpayının boş olduğunu görüncə, qadının ona yalan danışdığını düşünərək ondan qisas almaq qərarına gəlib. İttihama görə,

Polad İsmayılov səhər çıxıb getsə də, günorta geri qayıdıb və qadını öldürüb.

Polad İsmayılovun fikrincə, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər. Deyir, bu cinayəti işgəncə, təhdid yolu ilə onun üzərinə qoyublar:

“Əl-ayağımı skoçladılar, o qədər döydülər, deyiləsi deyil. Gördülər ki, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm. Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla həyatıma necə davam eləyim, ona görə razılaşdım…”.

“Zəng edib Zaqatalaya çağırdılar”

Polad İsmayılov danışır ki, onu 2020-ci il fevralın 24-də Zaqatala rayon Polis Şöbəsinə telefon zəngi ilə çağırıblar. Polis şöbəsinin həyətində dayanıb siqaret çəkəndə isə polisə müqavimət ittihamı ilə haqqında protokol tərtib ediblər. Ardınca da məhkəmədən 10 günlük inzibati həbs qərarı alınıb.

Onun sözlərinə görə, inzibati həbs müddətində də işgəncələr başlanıb və bundan sonra Polad İsmayılovun etirafı ortaya çıxıb. Orada göstərilib ki, 9 il əvvəl törətdiyi cinayəti etiraf etmək istəyir.

Vəkil Zabil Qəhrəmanov deyir ki, hüquqlarını müdafiə etdiyi şəxs haqqında çıxarılan 11 illik cəza hökmü qanunsuz və əsassızdır. Orada rəyinə istinad olunan ekspert təkrar dindirilməlidir, çünki hadisə yerindən tapılan III qrup qanın Polad İsmayılova məxsus olması haqda rəy verib. Halbuki Polad İsmayılovun qanı I qrupdur.

Məhkəmə oktyabrın 5-də keçiriləcək növbəti iclasda həmin eksperti çağırıb dindirməyə razılıq verib.

Zaqatala rayon Prokurorluğunun yaydığı məlumatda iddia olunurdu ki, məqsədyönlü tədbirlər nəticəsində 9 il sonra Seyran Eyyubovanın qətli ilə bağlı cinayətin üstü açılıb:

“Evdə günlük kirayədə yaşayan Polad İsmayılovun şəxsi münasibətlər zəminində münaqişə zamanı bıçaqla Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.

Jurnalist Aytən Məmmədova da bu barədə məlumat yayıb və bildirib ki, istintaq getdiyi ərəfədə Polad İsmayılovu aparıb, qətl baş verən evdə etiraf videosu da çəkmişdilər və bunu telekanallar yaymışdı.

Baku TV-nin həmin ərəfədə mövzu ilə bağlı hazırladığı reportajda P. İsmayılovun polis və prokurorun müşaiyəti ilə “qətli etiraf etməsi” əks olunub. Həmin reportajda göstərilir ki, o, indi bəraət aldığı qətl hadisəsini “necə törətdiyini” təsvir edir.