Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR - Artırılır

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR - Artırılır

Azərbaycanda minimum əməkhaqqının artırılması və bu artımın mütəmadi xarakter alması sosial siyasətin əsas hədəflərindən birinə çevrilib. Vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri olan maaş artımı artıq qanunvericiliklə tənzimlənən konkret dövrləri əhatə edəcək. Bu yenilik həm büdcə təşkilatlarında çalışanların, həm də özəl sektorda minimum əməkhaqqı alan minlərlə insanın gəlirlərinin sistemli şəkildə yüksəldilməsinə xidmət edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq: "Bu, artımlarda dövriliyin təmin olunması və prosesin qanunla tənzimlənməsi deməkdir. Minimum əməkhaqqındakı artım təkcə aşağı maaş alanları deyil, vahid tarif cədvəlinin bütün 19 dərəcəsi üzrə çalışanları əhatə edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən elm, mədəniyyət, idman, ekologiya və digər sahələrdə çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılır. Hazırda vahid tarif cədvəli üzrə ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır və artım bütün bu pillələrə şamil olunaraq ümumilikdə 700 min vətəndaşımızın gəlirlərinin artmasına səbəb olacaq".

İqtisadçı alim artımın konkret vaxtı ilə bağlı qeyd edib ki, qanunvericilikdəki dəyişikliklər dövlət başçısı tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib: "Həmin tarixdən etibarən bir il ərzində minimum əməkhaqqı məbləğinə ən azı bir dəfə baxılmalı və artırılmalıdır. Bu o deməkdir ki, qarşıdakı dövrdə minimum əməkhaqqının artırılması qaçılmazdır və bu proses növbəti illərdə daha mütəmadi xarakter alacaq. Çünki yeni hüquqi baza ildə ən azı bir dəfə artımı birbaşa öhdəlik kimi nəzərdə tutur. Müəyyən illərdə iqtisadi göstəricilərdən asılı olaraq daha çox artımlar da müşahidə oluna bilər ki, bu da birbaşa əhalinin alıcılıq qabiliyyətinin qorunmasına yönələn addımdır".