“Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı və Prezident İlham Əliyevin mərasimdə şəxsən iştirak etməsi müasir Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi və mənəvi hadisə kimi qiymətləndirilməlidir. Bu hadisə yalnız faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi deyil, eyni zamanda dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli strateji kursun, milli maraqlara əsaslanan prinsipial siyasətin və tarixi ədalətin bərpasının konkret nəticəsidir”.
Bu sözləri NOCOMMENT.az-a politoloq Aytən Qurbanova Prezident İlham Əliyevin Xocalıya səfərini şərh edərkən deyib.

“Cənab Prezidentin açılış mərasimində iştirakı dövlətin Xocalı faciəsinə verdiyi siyasi-hüquqi qiymətin və bu məsələyə göstərdiyi xüsusi həssaslığın bariz ifadəsidir. Memorial Kompleksin məhz Xocalıda ucaldılması bu strateji baxışın və siyasi iradənin ardıcıl şəkildə reallaşdırıldığını göstərən mühüm hadisədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri hər zaman Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması olub. Bu istiqamətdə dövlət səviyyəsində məqsədyönlü informasiya və diplomatik fəaliyyət həyata keçirilib, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm nəticələr verib. Bu fəaliyyət nəticəsində Xocalı faciəsi ilə bağlı beynəlxalq müstəvidə geniş informasiya yayılıb, bir sıra ölkələr və təşkilatlar tərəfindən bu faciəyə siyasi və hüquqi qiymət verilib. Bu isə Azərbaycanın beynəlxalq informasiya məkanında apardığı ardıcıl və sistemli siyasətin mühüm nəticəsi kimi dəyərləndirilməlidir.
Cənab Prezidentin strateji kursunun digər mühüm istiqaməti isə hər zaman ölkənin hərbi, iqtisadi və siyasi potensialının gücləndirilməsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətinə malik müasir orduya çevrilib.
Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edilib, işğal və separatizmə son qoyulub. Bu proses ilk növbədə dövlət başçısının qətiyyətli siyasi iradəsinin, strateji uzaqgörənliyinin və milli maraqlara əsaslanan siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, Xocalıda Memorial Kompleksin açılması postmünaqişə dövründə həyata keçirilən bərpa və quruculuq siyasətinin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur, eləcə də tarixi yaddaşın qorunmasına xüsusi diqqət yetirilir. Memorial Kompleks bu siyasətin mühüm elementlərindən biri olmaqla yanaşı, dövlətimizin öz tarixi yaddaşına və milli dəyərlərinə verdiyi yüksək önəmi əks etdirir.
Nəticə etibarilə, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin, milli maraqlara əsaslanan strateji kursun və tarixi ədalətin təmin olunması istiqamətində görülən işlərin mühüm nəticəsi kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Bu hadisə eyni zamanda Azərbaycanın dövlət gücünün, siyasi iradəsinin və milli həmrəyliyinin bariz təzahürü olaraq ölkəmizin gələcək inkişafının və təhlükəsizliyinin möhkəm əsaslar üzərində qurulduğunu bir daha bütün dünyaya nümayiş etdirir”.
Atilla Rzasoy













