Qamət Süleymanov: Yezidə lənət oxumaq olmazbackend

Qamət Süleymanov: Yezidə lənət oxumaq olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yezidə, Müaviyəyə lənət oxumaq olmaz. Hansısa müsəlmana lənət oxumaq düzgün deyil. Çünki Yezidin, Müaviyənin qoşunundakı əsgərlər kafir yox, müsəlmanlar idi. Bəli, zülm olub. Biz bunu danmırıq. Zülm edən Qiyamət günü Allaha cavab verəcək”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov deyib.

O bildirib ki, Müaviyə (r.a) səhabə idi, səhabəyə isə lənət oxumaq, dil uzatmaq olmaz: “Hətta Əli (r.a) ilə arasında Siffeyn döyüşü sülhlə nəticələndi. Əli İbn Əbu Talib (r.a) Müaviyə (r.a) və qoşunu barədə qardaşlarımız olduğunu dedi. Ümumiyyətlə, səhabələr arasında nə olubsa, onu belə şişirtmək, danışmaq, xüsusilə də, eyiblərini üzə çıxarmaq düzgün deyil.

Peyğəmbər (s.a.v) fərdə yox, ümumi lənət edib. Məsələn, içki içməyə görə 10 nəfəri – onu içəni də, daşıyanı da, onu satanı da, bu işdə hər hansı bir köməiyi dəyən şəxsləri də lənətləyib. Lakin o vaxt səhabələrdən biri içmişdi. Yanındakı səhabələrdən biri onu lənətləmək istəyəndə peyğəmbər (s.a.v) – “Onu lənətləməyin. O, Allah və Rəsulunu sevir”, – demişdi. Buradan belə nəticəyə gəlmək olar ki, fərd və toplum ayrı-ayrı anlayışlardır. Ona görə ayrıca müsəlmanı lənətləmək dində yoxdur. Şeytanı belə həmişə, xüsusən də, günah edəndə lənətləmək düzgün deyil. Çünki şeytan səni aldatdığına sevinir. İşini, gücünü tərk edib. Yezidin zülmü olsa da, Allahı zikr etməyi kənara qoyub bütün ömrünü Yezidi lənətləməklə keçirmək faydasız və İslamda olmayan bir şeydir. Əli ibn Əbu Taliblə (r.a) aralarında döyüş olub. Amma onu lənətləmədi, əksinə, onlar barədə – “qardaşlarımızdır”, – dedi. Müaviyə (r.a) və qoşunları müsəlman sayılır, kafir olsaydı, Əli (r.a) Siffeyn döyüşündə Müaviyə (r.a) qoşunlarından ölən müsəlmanların malını qənimət götürərdi. Götürməyibsə, deməli, Müaviyə (r.a) və Yezidə onların qoşunları haqqında kafir olmalarını demək düzgün deyil. Çünki müsəlman sayılırdı. İslam dinində döyüş olanda yalnız kafirlərdən qənimət götürülür.

Hucurat surəsi 9, 10-cu ayələri də bu döyüşlərə aiddir. Allah hər iki tayfanın dalaşmasına baxmayaraq, mömin adlandırdı.

Əgər, Müaviyə (r.a), Yezid kafir idisə, Həsən (r.a) xilafəti kafirə niyə verib? Hətta, Yezid barədə səhabələr kafir deməyib. Əksinə, səhabələrin çoxu ona beyət eləmişdi”.

Qamət Süleymanov lənəti kimlərə oxunmalı olduğuna belə izah verib: “Lənəti yalnız kafirlərə və ümumi olaraq oxumaq olar. Amma daim oxumaq düzgün deyil. Ehtiyac olanda lənətləyirsən. Ümumi – “Allah zalımlara lənət eləsin”, – demək olar. Amma müəyyən şəxsi seçib daima lənət oxumaq, xüsusən də müsəlman olan şəxsə nə etməyindən asılı olmayaraq lənət oxumaq, İslam dinində yoxdur”.