Qardaşının toyuna gəlmək üçün ona bilet alacaqdıq…backend

Qardaşının toyuna gəlmək üçün ona bilet alacaqdıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Samirlə zəlzələdən iki gün əvvəl əlaqə saxladıq, pasportunu göndərməli idi ki, ona bilet alaq. Qardaşının toyu olacaqdı, orada iştirak etməyə hazırlaşırdı, lakin bu fəlakət baş verdi…”

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar arasında qalıb həyatını itirən 4 azərbaycanlı tələbədən biri – Samir Quliyevin dayısı oğlu Ramal Şəmşidli məlumat verib.

O bildirib ki, Samir atasını erkən yaşda itirib. Onu toyuna hazırlaşdıqları qardaşı Sahiblə bərabər anası böyüdüb. Sahib Quliyev isə hərbçidir. 44 günlük Vətən müharibəsində baş leytenant kimi xidmət edib və 5 medalla təltif olunub: “Samir əvvəllər Türkiyənin Elazığ şəhərində oxuyurdu. 2020-ci ildə Türkiyədə zəlzələ oldu, o vaxt səfirliyimiz tərəfindən təxliyə olunan tələbələr sırasında Samir də var idi. Biz onları Azərbaycana gətirdik. Orada ikinci bir fəlakət gözlənildiyi üçün ailəsi də, biz də məsləhət gördük ki, başqa şəhərdə oxusun. Onu Malatyaya istiqamətləndirdik. Samir əvvəllər iqtisadiyyat fakültəsində təhsil alırdı. Zəlzələdən sonra onlarla psixoloqlar görüşdülər, söhbətləşdilər. Ondan sonra psixoloq olacağına qərar verdi və ixtisasını dəyişdirdi. Malatyada İnönü Universitetinin psixologiya fakültəsinin 3-cü kursunda təhsil alırdı”, – R. Şəmşidli bildirib.

R. Şəmşidli qeyd edib ki, Samir də, digər gənclər də oxuduqları universitetdə nümunəvi tələbə kimi seçiliblər: “O mənzildə 6 tələbə yaşayırdı. Həmin vaxt tələbələrdən ikisi Azərbaycana tətilə gəlmişdi. Hamısının otaqlarında Azərbaycan və Türkiyə bayraqları həmişə asılı olub. Mənzilin dağıntıları altından Azərbaycan və Türkiyə bayraqları, eləcə də, “Qurani-Kərim” kitabı çıxmışdı.

Tələbələrin yaşadıqları bina cəmi 6 saniyədə yox oldu. Həmin binanın əvvəlki – 2020-ci il zəlzələsində zədələndiyi və möhürlü olduğu təsbit edildi. Əslində orada yaşayış ola bilməzmiş. Lakin tələbələrin bundan xəbəri olmayıb. Bizim aldığımız məlumata görə, belə binalarla bağlı 39 nəfər tutulub, onların içərisində həmin binanın sahibi də var.

Samirin Azərbaycanla bağlı hədəfləri var idi. O, təhsilini başa vurub Azərbaycana qayıtmaq və hərbi xidmətini başa vurmaq, oxuduğu ixtisas üzrə işləmək istəyirdi”.

R. Şəmşidli digər tələbələri də tanıdığını deyib: “Şahin Vəliyevi bu günə qədər xatırlayıram. 3 il bundan əvvəl feysbukda mənə məktəbi bu il bitirdiyini, ofisiant işlədiyini və Türkiyədə ali təhsil almaq istədiyini yazmışdı. Gələcəyini qurmaq, ailəsinə baxmaq istədiyini demişdi. Mən ona can-başla kömək etdim. O da atasız böyümüş uşaq idi. Ailəsi müharibə vaxtı Gəncədə dağıntılar altında qalmışdı.

O dörd tələbənin hamısı bir-birinə oxşayırdı, xasiyyətləri də uyğun gəlirdi. Hümam da axırıncı kursda oxuyurdu, bu il bitirib diplomunu alacaqdı. Gündüz isə magistr təhsili alırdı. Onların hamısının xəyalları, arzuları var idi. Təəssüflər olsun ki, hamısı yarımçıq qaldı”.

Qeyd edək ki, 23 yaşlı Samir Quliyev sabah doğulduğu Gədəbəy rayonunda torpağa tapşırılacaq.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Onların cəsədlərini ötən gün tapmaq mümkün olub.