İrəvan-İstanbul-İrəvan reysinin sərnişinləri 3 il müddətinə “hava vergisi”ndən azad olunublar.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mülki Aviasiya Baş İdarəsinin saytında yayımlanıb.
Bu cür güzəştlər son 12 ay ərzində uçuş həyata keçirilməyən istiqamətlər üzrə yeni reys təşkil etməyə başlayan aviaşirkətlərə təqdim edilir. Bunun üçün aviaşirkətlər bir il ərzində yeni istiqamətdə müntəzəm fəaliyyət göstərməlidirlər. Güzəşt 3 il müddətinə verilir və lazım olarsa, daha iki il uzadıla bilər.
Beləliklə, İstanbul vergidən azad olunan 17 istiqamətdən biri olub. Bildirək ki, verginin məbləği biletin dəyərinə daxildir.
Qeyd olunur ki, “hava vergisi” Ermənistanda 10 ildən artıqdır ki, qüvvədədir və aviabiletlərin qiymətinə daxil olan 10 000 dram (təxminən 20,9 dollar) sabit tarifdir.
Xatırladaq ki, “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan reysini yerinə yetirmək üçün Türkiyə hökumətindən icazə alıb. İlk uçuş fevralın 2-nə planlaşdırılır. İlk iki ay həftədə 2 dəfə yerinə yetirilən reyslər aprel ayından həftədə 3 dəfəyə qaldırılacaq.
İstanbuldan İrəvana reyslər isə Sabiha Gökçen hava limanından “Pegasus” aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək.











