Rusiyalı yazar Viktoriya Bonya sosial mediada yaydığı video ilə ölkədə böyük rezonans doğurub.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə bayrağı olan köynəklə çıxış edən yazar Prezident Vladimir Putinə müraciət edərək ölkədəki problemləri açıq şəkildə dilə gətirib.
13,6 milyon izləyicisi olan Bonya paylaşdığı 19 dəqiqəlik videoda Putinin bir sıra məsələlər barədə yanlış məlumatlandırıldığını iddia edib. O, xüsusilə Dağıstandakı daşqınların idarə olunması, Sibirdə heyvandarlıqla bağlı problemlər, internet məhdudiyyətləri və kiçik bizneslərin çətin vəziyyəti barədə danışıb.
Yazar çıxışında diqqət çəkən ifadələr işlədib: “Bilmədiyiniz çox şey var. İnsanlar indi var gücü ilə qışqırırlar. Sahib olduqları hər şey əllərindən alınıb və alınmağa davam edir. Bizneslər ölür”.
Bonya həmçinin bildirib ki, adi vətəndaşlar və bəzi məmurlar həqiqəti deməkdən çəkinir.
Kreml sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərək videodan xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, səsləndirilən problemlər üzərində iş aparılır və diqqətdən kənarda qalmır.
Digər tərəfdən, Kommunist Partiyasının lideri Gennadi Zyuqanov da parlamentdə çıxış edərək hökuməti sərt tənqid edib. O, problemlər həll olunmazsa, ölkədə 1917-ci il Bolşevik İnqilabına bənzər hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, müharibə iqtisadiyyatı və davam edən məhdudiyyətlər fonunda Rusiyada sosial narazılığın artdığı bildirilir. Sosial media fenomenlərinin belə açıq tənqidlər səsləndirməsi isə ölkədə qeyri-adi vəziyyət kimi qiymətləndirilir.
Tunar
NOCOMMENT.az









