Evdə körpəsi olanlara XƏBƏRDARLIQ – Bunu ƏSLA etməyin!..

Evdə körpəsi olanlara XƏBƏRDARLIQ – Bunu ƏSLA etməyin!..

Şəmkirdə körpə qızdırmadan ölüb. Dəllər qəsəbə sakini 2025-ci il təvəllüdlü M.Ə hərarəti 5 gün yüksək olduğu üçün yaşadığı evdən xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. Sirr deyil ki, Azərbaycan ailələrində infeksiyaya yoluxan uşaqlar çox vaxt həkimə ya gec aparılır, ya da heç aparılmır və ev şəraitində hansısa təbii üsullarla müalicə edilir. Özü də tibbi təhsili olmayanlar tərəfindən. Nəticə isə bəzən çox ağır olur.

Uşaqlarda qızdırma » Anar Tağıyev

Bəs gənc valideynlər bu halda nələri ciddiyə almalıdır? Hansı hallarda körpə təcili şəkildə həkimə, stasionara aparmalıdır? Şəmkir faciəsi ilə bağlı konkret nə isə demək mümkündürmü?

NOCOMMENT.az xəbər verir ki, pediatr Vaqif Qarayev bildirib ki, Şəmkirdə baş verən hadisənin detalları ilə tanış olmadığı üçün konkret həmin fakt barədə fikir bildirmək istəmir, amma ilin-günün bu vaxtında qızdırmadan uşağın ölməsi çox təəccüblüdür. “Uşaq qızdırmadan ölmür, qızdırmanın yaratdığı fəsadlardan ölür. Qayda belədir ki, bir yaşına qədər uşaqda qızdırma müşahidə olunarsa, valideyn ən yaxşı halda evdə qızdırmasalıcı preparatın ilkin dozasını verib dərhal həkimə müraciət etməlidir. O da yalnız dozanı dəqiq bilirsə. Bilmirsə, ümumiyyətlə heç nə etmədən birbaşa həkimə müraciət olunmalıdır. Çünki südəmər dövrdə, yəni bir yaşına qədər uşaqlarda yüksək qızdırma daha tez-tez ağırlaşmalara səbəb olur. Vaxtında müdaxilə edilmədikdə isə belə faciəli nəticələr ortaya çıxa bilir. Bir daha vurğulayıram ki, bir yaşına qədər uşaq qızdırırsa, dərhal həkimə müraciət edilməli və tam sağalana qədər həkim nəzarətində saxlanılmalıdır”,_ deyə pediatr çağırış edib.

Dr. Vaqif Qarayev - Rəyləri Gör və Randevu Al | Doktorsitesi

Onun sözlərinə görə, daha yuxarı yaş qruplarında da valideyn ev şəraitində yalnız qızdırmasalıcı verə bilər: “Yenə qeyd edirəm ki, dozanı dəqiq bilirsə. Çünki düzgün dozalaşdırma son dərəcə vacibdir. Əgər qızdırma üç gündən artıq davam edirsə, mütləq həkimə müraciət olunmalıdır”.

Pediatr əlavə edib ki, qızdırmanın ən çox rast gəlinən fəsadlarından biri febril qıcolmalardır: “Yəni yüksək hərarət fonunda yaranan qıcolmalar. Düzdür, bu hal bütün uşaqlarda müşahidə olunmur. Bəzi hallarda uşağın mərkəzi sinir sistemində müəyyən xüsusiyyətlər və ya dəyişikliklər buna zəmin yarada bilər, bəzi hallarda isə heç bir öncədən məlum problem olmadan da baş verə bilər. Bu baxımdan uşaqlar qorunmalıdır. Digər tərəfdən, qızdırma daha çox tənəffüs sisteminə, yəni bronx-ağciyər sisteminə ağırlaşmalar verir. Əgər bunun qarşısı vaxtında alınmasa, yenə də ağır nəticələrlə üzləşə bilərik. Bir daha təkrar edirəm: ev şəraitində özbaşına, həkim məsləhəti olmadan müalicə aparılması qətiyyən yolverilməzdir. Evdə yalnız bu gün istifadə olunan qızdırmasalıcı preparatlar - parasetamol və ya nurofen verilə bilər. O da düzgün dozada”.

Vaqif Qarayev bildirib ki, əgər uşaq yolda dünyasını dəyişibsə, artıq vəziyyətin son dərəcə ağır olduğu aydındır: “Deməli, həkimə müraciət etmək qərarı o zaman verilib ki, uşaq artıq kritik, həyati təhlükəli vəziyyətdə olub. Təəssüf ki, belə valideynlərlə kifayət qədər rastlaşırıq. Bəzən sosial şəbəkələrdə aparılan müzakirələri izləyirəm. Elə təsəvvür yaranır ki, guya dünyada təbabət yoxdur, ölkədə həkim yoxdur. Kim nə istəyirsə, qızdırmalı uşaqlar üçün məsləhət verir. Soyuducuda nə varsa, ondan istifadə etməyi tövsiyə edirlər. Müxtəlif kompreslər, fərqli üsullar və sair.

Açığı, ilin-günün bu vaxtında belə fikirlər həm adamı əsəbiləşdirir, həm də təəccübləndirir. Açıq şəkildə yazırlar ki, guya həkimlərə inanmaq lazım deyil, qızdırma yalnız müəyyən üsullarla müalicə olunmalıdır, filan vasitələrdən istifadə etmək olar. Yaşlı insanları müəyyən qədər başa düşmək mümkündür. Amma 21-ci əsrdə yaşayan gənc anaların da belə cahil fikirlərin təsiri altına düşməsi çox təhlükəlidir. Bu yanaşma nəticədə uşağın sağlamlığını, hətta həyatını risk altına qoya bilər”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq pediatriya qurumlarının tövsiyələrinə görə, qızdırmalı uşaqlarda yalnız temperatur göstəricisinə deyil, onların ümumi vəziyyətinə də diqqət yetirilməlidir. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda qızdırma ciddi xəstəliklərin və ağırlaşmaların ilkin əlaməti ola bilər. Xüsusilə bir yaşına qədər körpələrdə yüksək qızdırma zamanı qıcolma, nəfəsalma çətinliyi, həddindən artıq halsızlıq, yuxudan çətin oyanma, qidalanmaqdan və maye qəbulundan imtina, davamlı qusma, susuzlaşma əlamətləri və ya səpkilərin yaranması təhlükə siqnalı hesab olunur. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək tövsiyə edilir.\\musavat.com