Səhərlər acqarına qəhvə içirsiniz? – XƏBƏRDARLIQ

Səhərlər acqarına qəhvə içirsiniz? – XƏBƏRDARLIQ

Səhərə bir fincan qəhvə ilə başlamaq bir çox insanın dəyişməz vərdişidir. Qəhvə enerji versə də, onun acqarına qəbul edilməsi orqanizmə müxtəlif təsirlər göstərə bilər.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər səhərlər acqarına içilən qəhvənin həzm sistemi və maddələr mübadiləsinə həm müsbət, həm də mənfi təsirləri ola biləcəyini bildirirlər.

Qəhvənin tərkibindəki kofein və təbii turşular mədə turşusunun səviyyəsini artıra bilər. Bu isə bəzi insanlarda mədə yanması, qıcqırma və reflüks kimi problemlərin yaranma riskini yüksəldir. Həssas həzm sisteminə malik şəxslərdə isə qarın ağrısı və bağırsaq narahatlıqları müşahidə oluna bilər.

Bununla yanaşı, kofein maddələr mübadiləsini sürətləndirərək enerji sərfiyyatını artırır, diqqət və konsentrasiyanı gücləndirir, həmçinin fiziki performansa müsbət təsir göstərir. Lakin qəhvənin acqarına qəbul edilməsi bəzi insanlarda qan şəkərinin dəyişməsinə, əsəbilik, narahatlıq və ürəkdöyünməsinə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, səhər qəhvə içməzdən əvvəl yüngül səhər yeməyi etmək daha faydalıdır. Zülal, lif və faydalı yağlarla zəngin qidalar kofeinin orqanizmə təsirini balanslaşdırır və mədənin qıcıqlanmasının qarşısını alır.

Həkimlər xüsusilə mədə problemlərindən əziyyət çəkən şəxslərə qəhvəni acqarına deyil, yeməkdən sonra və ya yüngül qəlyanaltı ilə birlikdə qəbul etməyi tövsiyə edirlər.

Gülər

NOCOMMENT.az