Şəhidlik statusu 18 il sonra ləğv olundu, qərar məhkəmədə dəyişdi

Şəhidlik statusu 18 il sonra ləğv olundu, qərar məhkəmədə dəyişdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu tərəfindən 1995-ci ildə hərbi xidmət zamanı həlak olan A.Fəttayevə verilən şəhidlik statusunun ləğvi ilə bağlı qərar çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, belə qərarın qəbul edilməsində səbəb göstərilib ki, həmin şəxs Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə yox, özünə qəsd etməsi nəticəsində həlak olub.

Bundan sonra Fəttayevin ailəsi Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə çıxış edib.

İddia tələbi onunla əsaslandırılıb ki, A.Fəttayev hərbi xidmət zamanı həlak olub. Qanuna müvafiq olaraq ona şəhid statusu verilib və eyni zamanda ailəsi də şəhid ailəsi statusu əldə edib. Lakin 2007-ci ildə ona zəng edilərək müavinətlərin dayandırıldığı bildirilib.

A.Fəttayevin həyat yoldaşı bununla bağlı müxtəlif instansiyalara müraciət edib. Verilən cavablarda ərinin özünə qəsd edərək həlak olması əsas gətirilərək təminatların dayandırıldığı qeyd olunub. O, qeyd edib ki, mərhum ərinin ölüm haqqında şəhadətnaməsində, Yevlax Şəhər Hərbi Komissarlığının arayışlarında onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd olunub və dövlət qurumları bu hüquqmüəyyəndici sənədlər əsasında ona şəhid statusu verib. Eyni zamanda onun nəşi Yevlax şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə edilən çoxsaylı müraciətlərə cavab məktublarında mərhumun özünə qəsd etdiyi faktı əsas gətirilib. O, bu səbəbdən Füzuli Hərbi Prokurorluğuna müraciət edərək A.Fəttayevin özünəqəsd faktı ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verilməsini xahiş edib. Sorğuya cavab olaraq bildirilib ki, Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməyib və material araşdırılmayıb.

ƏƏSMN-nin müvafiq qurumundan isə 2023-cü il tarixli məktubunda şəhidlik statusunun 2007-ci ildən ləğv olunduğunu və həmin tarixdən şəhid ailələri üçün verilən təqaüdün dayandırıldığı bildirilib.

Şəki İnzibati Məhkəməsinində A.Fəttayevin xanımının iddiası təmin edilib və 2007-ci ildən dayandırılmış “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulub.

Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbininin təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini xahiş edib. Şəki Apellyasiya Məhkəməsində nazirliyinin qurumunun şikayəti təmin edilməyib. Cavabdeh kassasiya şikayəti versə də, yenə də təmin olunmayıb.

Cavabdeh etiraz ərizəsində bildirib ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və Kadrlar Baş İdarəsinə sorğular ünvanlanaraq cavab alınıb. Cavab məktubunda qeyd olunub ki, 5-ci motoatıcı taborun 3-cü bölüyünün hərbi qulluqçusu 1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə N nömrəli hərbi hissə komandirinin əmri ilə taborun şəxsi heyətinin siyahısından çıxarılıb.

Birinci instansiya məhkəməsi belə qərara gəlib ki, cavabdeh orqan mübahisələndirilən qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməyib, N saylı hərbi hissə komandirinin əmrindən məlumatlı olduğu tarixdən 18 il keçdikdən sonra müvafiq inzibati aktı qəbul etməsini əsaslandırmayıb. Məhkəmə belə qənaətə gəlib ki, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aşkar şəkildə “İnzibati icraat haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsi müəyyən edildiyindən iddiaçı sözügedən inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır.

Ali Məhkəmədə isə kassator əlavə olaraq göstərib ki, A.Fəttayevin özünə qəsd etməsi nəticəsində həlak olması təqdim edilmiş sənədlərlə tam sübuta yetirilib və bu səbəbdən o, “şəhid”, ailəsi “şəhid ailəsi” hesab edilə bilməz və onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu tamamilə inkar olunur.

Qeyd olunub ki, normativ hüquqi akt 2011-ci ilin yanvar ayının 1-dən qüvvəyə minib və həmin vaxta qədər müvafiq inzibati icraat institutlaşmayıb, inzibati proseslər ayrı-ayrı mərkəzi inzibati orqanların müəyyən etdiyi (və ya etmədiyi) prosedurlar çərçivəsində həyata keçirilib. 2007-ci ildə A.S.Fəttayevin şəhid statusu və ailəsinin şəhid ailəsi statusunun ləğv edilməsi zamanı SHXÇDX-nin hüquqi sələfi Müdafiə Nazirliyinin tabeliyində Respublika Hərbi Komissarlığı olub.

2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb, bundan sonra, əvvəllər hərbi komissarlıqlar tərəfindən verilmiş sənədlər yalnız müvafiq araşdırma zərurəti olduqda inzibati akt formasında yenidən rəsmiləşdirilib. Bu səbəbdən, formal əsasların aradan qaldırılması üçün 2007-ci ildə inzibati akt kimi rəsmiləşdirilib. Bunda görə də cavabdehin 18 ildən sonra inzibati akt qəbul etməklə müddət pozuntusuna yol verməsi həqiqətə uyğun deyil.

Dövlət qurumu tərəfindən o da bildirilib ki, Apellyasiya məhkəməsinin A.S.Fəttayevin “şəhid”, iddiaçının “şəhid statuslarının saxlanılması barədə qərarı şəhidlik barədə cəmiyyətdə formalaşmış və qanunvericilikdə əks olunmuş ictimai fikrə, şəhidlik statusunun dövlət və xalq tərəfindən dəyərləndirilməsi meyarlarına uyğun deyil, “şəhid” statusunun bayağılaşdırılmasına yol açır, şəhid ailələrinin, şəhid olmayan şəxsin hər hansı səbəbdən şəhidlər sırasına daxil edilməsi şəhidlərin ruhlarının incidilməsi kimi qiymətləndirilməklə cəmiyyətin haqlı narazılığına səbəbdir, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün şəhid olmayan şəxsin ailəsinə verilməsi həm qanunvericiliyə, həm də milli mənəviyyata ziddir.

Məhkəmə kollegiyası işdə olan sənədlərə istinad edərək bildirib ki, iddiaçıya verilmiş şəhid ailəsi statusu ləğv edilməyib və hazırda da qüvvədədir. Odur ki, iddiaçının şəhid ailəsi statusu ləğv edilmədiyindən həmin statusdan irəli gələn imtiyazlardan da istifadə hüququ qalmaqda davam edir.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, iddiaçının ərinin 1995-ci ilin fevral ayında özünə qəsd etməsi ilə bağlı cinayət təqibinin həyata keçirilməsi və onun nəticəsi barədə hər hansı sübut olmadığından, cavabdehin istinad etdiyi N nömrəli hərbi hissə komandirinin nömrəli əmrin (A.Fəttayevin özünə qəsd edərək həlak olduğuna görə şəxsi heyətin siyahısından çıxarılması) verilməsinə səbəb olan heç bir dəlil təqdim olunmadığından cavabdehin gəldiyi nəticə qanuni və əsaslı olmayıb.

Bu səbəbdən nazirliyin müvafiq qurumunun şikayəti təmin edilməyib./xitab24.az/