İspaniyanın dünya çempionatındakı qələbəsindən sonra keçirilən şənliklər faciə ilə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, Salamanka yaxınlığındakı Ciudad Rodriqo şəhərində tarixi “Arbol Gordo” fəvvarəsinin çökməsi nəticəsində 13 yaşlı oğlan həyatını itirib, daha üç nəfər ağır yaralanıb.
İspaniya millisinin Argentina üzərində qələbəsindən sonra ölkənin müxtəlif şəhərlərində olduğu kimi, Ciudad Rodriqoda da azarkeşlər küçələrə axışaraq çempionluğu qeyd ediblər. Şəhərdə əsas toplaşma məkanlarından biri tarixi “Arbol Gordo” fəvvarəsi olub.
Şənlik zamanı fəvvarənin üst hissəsi üzərində dayanan insanlarla birgə çöküb. Hadisə nəticəsində xəsarət alan 13 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.
İlkin məlumatlara görə, yaralananlardan birinin ayağı sınıb. Qəza baş verən ərazi təhlükəsizlik məqsədilə bağlanıb, hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma başladılıb.












