Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bilet satışı zamanı vətəndaşlardan COVİD-19 virusunun yoxlanılması məqsədilə analiz verilməsini tələb edir. Hava gəmisinə yalnız COVİD-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır.
NOCOMMENT.az xəbər verir ki, AZAL öncədən tarixi və vaxtı müəyyən edərək bilet almış vətəndaşları analiz verilməsi üçün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına göndərir.

Bir çox hallarda isə bilet almış vətəndaşların analiz verməsi eyni saata və eyni dəqiqəyə təyin edilir. Bu zaman isə 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası potensial virus mənbəyi və yoluxma üçün əlverişli bir məkana çevirilir.
Birləşmiş Şəhər Xəstəxanasında müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, burada yaranmış vəziyyətdə sağlam insanlar belə virusa yoluxmadan sığortalanmayıblar. Xəstəxanada analiz verməyə gələn vətəndaşların təhlükəsizliyi və virusa yoluxmanın qarşısının alınması baxımından heç bir qabaqlayıcı tədbirlər görülməyib.














