Sənədsiz evlərlə bağlı yeni problem – Bir yol varbackend

Sənədsiz evlərlə bağlı yeni problem – Bir yol var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox ekspertlər sənədsiz torpaq sahələrində tikilən evlərə kommunal xidmətlərin göstərilməsinin qadağan olması ilə bağlı proqnozlar vermişdilər ki, bu qanundan sonra ev qiymətlərində kəskin azalma müşahidə olunacaq”. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

O, cari ilin oktyabr ayının 1-dən etibarən sənədsiz evlərlə bağlı yaranmış məlum qanundan sonra ev qiymətlərinin son durumu və yeni qanunun yarada biləcəyi problemlər haqqında söz açıb.

Xatırladaq ki, oktyabr ayının 1-dən Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra düzəlişlər edilib. Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan və s. obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır.

Mütəxəssis aydınlaşdırıb ki, cəmiyyətimiz bu aktı hələlik tam bilmir:

“Sadəcə, az sayda vətəndaşlar bunu bilirlər. Mən proqnoz vermişdim ki, hansı ərazidə bu kimi evlərin və torpaqların sayı çoxdursa, bu amil orada daha çox özünü büruzə verə bilər. Lakin digər ərazilərdə bunun özünü büruzə verməsini bir o qədər proqnoz etmirdim”.

E. Azadov aydınlaşdırıb ki, Azərbaycandakı bəzi kənd və qəsəbə ərazilərində yerləşən torpaqların təyinatı kənd təsərrüfatı torpaqlarına aiddir:

“Vətəndaşlar, adətən, ata-babasından onlara miras qalmış torpaqlarda fərdi evləri tikirlər. Ümumiyyətlə, Azərbaycanda kənd yerlərində mülkiyyəti təsdiq edən sənəd olmur. Mən problemi köklü şəkildə məhz burada görürəm. Bu gün ölkə vətəndaşlarının 40%-ə qədər kənd yerlərində yaşayır ki, bu da böyük bir rəqəmdir”.

“Bundan sonra bunların problemi hansı formada büruzə verəcək, bilinmir. Əgər hökumət buna göz yumsa, onda artıq diskriminasiya yaranacaq. İnsanların bəziləri deyəcək ki, bu qanun kənd yerlərində tətbiq olunsa da, bir çox yerlərdə tətbiq olunmur. Bunu da zaman göstərəcək. Lakin Bakıətrafı ərazilərdə elə yerlər də var ki, orada bələdiyyə torpaqlarının sayı, eləcə də orada məskunlaşma çoxdur, torpaqların çoxu satılıb. Təbii ki, bu kimi ərazilərdə vətəndaşlarımız öz evlərini tikib qurtara, köçə və yaşaya bilməyəcəklər”, – deyə əlavə edib.

Ekspert diqqətə çatıdırb ki, son 3 il ərzində evlərin qiyməti 30%-ə qədər bahalaşıb:

“Ona görə də vətəndaş artıq gedib mənzil və yaxud sənədli ev ala bilmir. Məcburdur ki, şəhərətrafı bir ərazidə torpaq alsın, vəsaiti çatdıqca, evini tikib bitirsin və oraya köçüb yaşasın. Vətəndaşların qanunsuz torpaqlarda evlər tikməsinin səbəbi budur. Bələdiyyə torpaqları da dövlət tərəfindən verilmiş ilkin sənəddir ki, bunun da davamı olmalıdır. Bununla bağlı son illər müəyyən məhdudiyyətlər yaranıb. Bu torpaqların hamısının təyinatı isə yaşayış məntəqəsindən çox kənd təsərrüfatı təyinatlıdır”.

Onun sözlərinə görə, belə olan halda vətəndaş da torpağın üstündə tikdiyi evi qanunlaşdıra bilmir:

“İndiki səviyyədə başlanğıc üçün o, həmin torpağa çıxarış alsa belə, qanunla həmin torpaqda ev tikə bilməz. Çünki bu torpağın təyinatı yaşayış təyinatlı deyil. Fikrimcə, zamanla buna müəyyən amnistiya verilməlidir, çünki bu kateqoriyadan olan insanlar həddindən artıq çoxdur. Yaxud da ki, hökumət müəyyən bir zaman verməlidir ki, bu qanun 2024-cü ilin yanvarın 1-dən tətbiq olunacaq. Yəni kimin əyər-əskikliyi varsa, gedib evini tikib bitirsin”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, vətəndaşlar sadaladığı məcburiyyətlərə görə bu yola əl atıb həyət evləri tikib, yaşayıb, məskunlaşır, eləcə də aidiyyəti qurumlardan oraya kommunikasiya xətləri çəkirdilər:

“Çəkəndən sonra isə məhkəməyə müraciət edirdilər ki, bu torpaqda 3-5 ildir yaşayır və bunun qanuniləşməsini hökumət digər yolla tanısın və qanunlaşdırsın. Vətəndaşlarımız məcburi bu yola əl atırdılar. İndi bunun qarşısını almaq üçün hökumət başqa bir yol açıb ki, sənədləri olmayan vətəndaşlar bundan sui-istifadə etməsin. Yaxşı, vətəndaş bundan sui-istifadə edə bilmir, amma başqa əngəllərlə üzləşir. Onlar yenə də məhkəmə yolu ilə müraciət edib çalışacaqlar ki, bunu həll etsinlər. Kimin ki evi natamamdırsa, onlar evini tikib məhkəməyə müraciət edəcək ki, evi çoxdan tikib və bu qanun o vaxtı yox idi. Qısası, bu barədəki işlər məhkəmələrdə çoxalacaq”, – deyə o, fikirlərini tamamlayıb.