Şeyx üzünü İrandan Türkiyəyə çevirdi – Diyanət İşləri Başqanı ilə Şuşada… – FOTOLARbackend

Şeyx üzünü İrandan Türkiyəyə çevirdi – Diyanət İşləri Başqanı ilə Şuşada… – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ali Erbaş Şuşanın Yuxarı Gövhər Ağa məscidində azan verib
 
Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaş Azərbaycana səfərə gəlib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qonaqlarla birlikdə Qarabağın hava qapısı olan Füzuli aeroportuna baş çəkiblər. Nümayəndə heyəti Füzulidən Şuşaya gedib. Şuşaya səfər şəhərdə inşa olunacaq yeni məscidin ərazisinə baxış keçirilməsi ilə başlayıb. Sonra səfər iştirakçıları Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, din xadimlərinə yeni məscidin inşası, kilsələrin tarixi, məruz qaldıqları dağıntılar və görüləcək bərpa işləri barədə məlumat verilib. Qazançı kilsəsi ilə tanışlıq zamanı məlumat verilib ki, Şuşada aparılan tikinti-quruculuq işləri çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Şəhərin yuxarı hissəsində yerləşən kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, ermənilər bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur. Sonra dini xadimləri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Daha sonra Saatlı və Aşağı Gövhərağa məscidlərini ziyarət edən nümayəndə heyətinə işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.
Yuxarı Gövhərağa məscidində namaz qılınıb, dualar edilib, Qurani-Kərim-dən ayələr oxunub. Türkiyənin Diyanət işləri başkanı Ali Erbaş Şuşanın Yuxarı Gövhər Ağa məscidində azan verib. Bununla bağlı Ali Erbaş məlumat paylaşıb. “Qarabağın qəlbi qədim Şuşa şəhərində işğaldan azad olunmasının simvolu olan Yuxarı Gövhər Ağa məscidində azan oxumaq bizlərə də nəsib oldu. Allah coğrafiyamızı qiyamətə qədər İslam xoşbəxtliyindən və azan səslərindən məhrum etməsin”, – deyə paylaşımda bildirilir.
Qeyd edək ki, bu ilin yayında İranın ali dini liderinin Azərbaycandakı sabiq nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadla Şeyxülislam Allahşükür Paşazadə Şuşaya getmişdilər. Ocaqnejadın öndə dayanaraq cümə namazını idarə etməsi hətta Şeyxi tənqidlərə məruz qoymuşdu. İndi Şeyxin Türkiyəyə də üz tutması təqdir edilir və Erbaşla Şuşaya getməsi daha məntiqli görünür. Şeyxin üzünü bizlə təhdid dilində deyil, qardaş kimi davranan Türkiyəyə tutması təqdir edilməklə yanaşı, gələcəkdə bunun dini yöndə müsbət təsirlərinin daha çox olduğu vurğulanır.
YAP-çı deputat Ceyhun Məmmədov səfərin əhəmiyyətinin kifayət qədər böyük olduğunu söylədi: “Öncəliklə onu bir daha qeyd edək ki, Türkiyədən fərqli olaraq, İran Azərbaycana fərqli münasibət sərgiləyir. Bu da təəssüf doğurur. İranın ali dini liderinin nümayəndəsinin Şuşaya səfəri, orada namaz qılması və ardınca İranın bəyanatları, ittihamları cəmiyyətimizdə ciddi bir narahatlıq yaratmışdı. Çünki Qarabağ münaqişəsinin həllində İran bizə dəstək olmamışdı. Bu ölkənin gözü qarşısında məscidlərimiz, dini abidələrimiz vəhşicəsinə dağıdılmışdı. Orada heyvan, donuz saxlanılmışdı. Bütün bunlar da cənub qonşumuzun gözü qarşısında sərhəd rayonlarında baş vermişdi. Ocaqnejatın Şuşaya getməsi və orada namaz qılmasından sonra cəmiyyətimizdə yaranan narazılığın fonunda Türkiyənin dini liderinin bu səfəri, Şuşaya getməsi olduqca müsbət hadisədir. Türkiyə hər zaman qardaş ölkə kimi Azərbaycanın yanındadır. Daim siyasi, mənəvi dəstəyini əsirgəməyib. Hərbi sahədə də bu özünü göstərir. Bu baxımdan Türkiyənin Dəyanət İşləri Başqanının ölkəmizə səfər etməsi, Şuşaya getməsi cəmiyyətimiz tərəfindən sevinclə qarşılanır. Çünki Azərbaycan bütün sahələr üzrə Türkiyə ilə əməkdaşlıq edir. İndi dini sahədə belə bir əməkdaşlığın, dəstəyin, işbirliyinin olması hər birimiz tərəfindən təqdirlə qarşılanır. Çünki rəsmi Ankaranın rəsmi siyasi mövqeyi Azərbaycanı dəstəkləmək, bizlərin yanında olmaqdır. Əlbəttə, digər ölkələr də bu mövqeyi sərgiləsələr, ölkəmizə tam dəstək göstərsələr, Azərbaycanın yanında olsalar, onlar da bu gün insanlarımız tərəfindən təqdirlə qarşılanar. Bu baxımdan hesab edirəm ki, türkiyəli qonağın səfəri çox önəmlidir. Türkiyənin Diyanət İşləri Başqanlığı nazirlik səviyyəsində olan bir qurumdur. Çox güclü ənənələri, təcrübəsi var. Hesab edirəm ki, Azərbaycanın dini idarəsi, yəni Qafqaz Müsəlmanları İdarəsi, eləcə də Dini Qurumlar üzrə Dövlət Komitəsi qardaş ölkənin Diyanət İşləri Başqanlığı arasında bu cür münasibətlərin qurulması əməkdaşlığın, işbirliyinin qorunması baxımından xüsusi önəm daşıyır. Bu, ikitərəfli əlaqələrin inkişafına da ciddi təsir göstərəcək. Biz müəyyən mənada qardaş ölkənin bizə uyğun gələn din sahəsindən təcrübəsindən, yanaşmasından, siyasətindən istifadə etməli, bir növ yararlanmalıyıq. Məhz bu səbəblərdən səfərin önəmi çox böyükdür. Bu, həm dəstək, həm də əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyır. Düşünürəm ki, belə səfərlər, əməkdaşlıq bitməyəcək. Növbəti mərhələdə əlaqələr sürətlə inkişaf edəcək. İki ölkə arasında bütün istiqamətlərdə münasibətlər daha da dərinləşəcək. Bu da bizim qələbəmizin möhkəmlənməsinə, əldə etdiyimiz səfərin güclənməsinə, ona mənəvi dəstək verilməsinə öz ciddi töhfəsini verəcək”.
Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov Şeyxin hər zaman ümmətçi olmağa çalışdığını söylədi: “Erbaşın səfəri və eləcə də digər hadisələr onu göstərir ki, Türkiyə Azərbaycanda öz mövqelərini gücləndirməyə çalışır. Türklər Azərbaycanı İsrail-Rusiya-İran qarşıdurmaları məkanı olaraq görmək istəmir. Bir də Türkiyə hakimiyyəti mötədil ümmətçi xəttin nümayəndəsi olmağa çalışır. Ona görə Şeyxin türk ruhanilərlə birgəliyi önəmlidir. 1990-cı illərdən dini situasiya ilə içdən tanış olanlar bilir ki, Şeyx əslində məzhəbçi olmamağa, ümmətçi olmağa çalışıb. Ola bilər ki, bu bəzən alınmayıb. O, başqa məsələdir. Amma Azərbaycan dini qurumlarının Türkiyə ilə birgə fəaliyyəti ümmətə inteqrasiya üçün önəmlidir. Sizə bir şey deyim. Üçüncü qüvvələr, hətta İranın münaqişə imitasiya etdiyi İsrail də o cümlədən məhz bu xəttdən, Türkiyə öncüllüyündən narahatdır. Amma heç kim narahat olmasın. Sadəcə, Səlcuqlunun dirilişini gözləsinlər. Dünya adil düzənə ehtiyac duyur”.
Bakupost