Yaxın Şərqi qanlı müharibə alovuna bürüyən, qlobal iqtisadiyyatı və təchizat zəncirlərini iflic həddinə çatdıran ABŞ-İran qarşıdurmasında tarixin ən böyük və gözlənilməz diplomatik dönüşü baş verib. Beynəlxalq münasibətlər sistemini kökündən dəyişəcək bu sensasion xəbərin anonsunu vasitəçi tərəflərdən biri — Pakistanın Baş naziri Şahbaz Şərif verib. Baş nazir rəsmən bəyan edib ki, Vaşinqton və Tehran arasında uzun müddətdir davam edən birbaşa və proksi hərbi qarşıdurmaya tamamilə son qoyacak irimiqyaslı sülh sazişi üzrə yekun razılıq əldə olunub.
Şərifin sözlərinə görə, tərəflər sülh müqaviləsinin mətni üzrə tam uzlaşıblar, hazırda sənədin yalnız son texniki mərhələləri cilalanır. Ən əsası isə odur ki, Pakistan hökumət rəhbəri Livan cəbhəsi də daxil olmaqla, regiondakı bütün aktiv hərbi əməliyyatların daimi olaraq dayandırıldığını bəyan edib. İki qlobal və regional rəqib arasında əldə olunan bu tarixi sülh sazişinin rəsmi imzalanma mərasimi isə iyunun 19-da neytral məkanda — İsveçrədə keçiriləcək. Bu böyük gəlişmə beynəlxalq analitika mərkəzlərində sülhün nə dərəcədə davamlı olacağı və tərəflərin imzalanacaq sənədin şərtlərinə real olaraq riayət edib-etməyəcəyi suallarını doğurmaqla yanaşı, iyunun 19-dan sonra dünyada və regionda formalaşacaq tam fərqli iqtisadi-siyasi nəticələri gündəmə gətirib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, ABŞ və İran arasında İsveçrədə imzalanacaq bu saziş Donald Tramp administrasiyasının hərbi təzyiqlə iqtisadi praqmatizmi birləşdirən xüsusi "biznes diplomatiyası"nın ən böyük regional qələbəsidir: "Pakistanın Baş naziri Şahbaz Şərifin bu vasitəçilik missiyasını anons etməsi təsadüfi deyil, çünki İslamabad uzun müddətdir Ağ Evlə Tehran arasında ən etibarlı arxa kanal rolunu oynayırdı. Sülhün davamlılığı tərəflərin cari motivlərindən birbaşa asılıdır. İki gündür davam edən və İsrailin İranın neft-kimya zavodlarını vurması ilə nəticələnən kəskin raket döyüşləri Tehranı anladıb ki, müharibənin daxili iqtisadi fəsadları rejimin süqutuna yol aça bilər. Tramp isə payızda keçiriləcək ABŞ seçkiləri (midterm) ərəfəsində dünyada yeni bir böyük müharibənin tərəfdarı deyil və qlobal neft qiymətlərini aşağı salmaq üçün bu müqaviləyə möhtac idi. Tərəflərin bu sazişə riayət edəcəyi gözləniləndir, çünki hər iki idarəetmə sistemi hazırda kəskin daxili təzyiqlər altındadır və eskalasiyanın dayandırılması hər ikisinin reytinqinə birbaşa xidmət edir. Lakin İsrailin, xüsusən də Benyamin Netanyahu hökumətinin ABŞ-ın bu qərarından son dərəcədə narazı qaldığını və müqaviləni pozmaq üçün Livan və ya Suriyada gizli hərbi provokasiyalara əl ata biləcəyini də istisna etmək olmaz".
Onun sözlərinə görə, iyunun 19-dan sonra regionda tam fərqli iqtisadi-siyasi mənzərə yaranacaq və bu gəlişmə qlobal miqyasda güc balanslarını yenidən şəkilləndirəcək: "İqtisadi müstəvidə müqavilənin qüvvəyə minməsi ilə ABŞ-ın İran limanlarına və neft ixracına tətbiq etdiyi qlobal blokada mərhələli şəkildə aradan qaldırılacaq. İran neftinin yenidən böyük həmlə ilə dünya bazarına daxil olması isə neft qiymətlərinin kəskin ucuzlaşmasını və Qərbdə inflyasiya təzyiqinin minimuma enməsini təmin edəcək.
Ən əsası isə, Husilərin və İranın təhdidi altında olan Qırmızı dəniz və Hörmüz boğazı kimi strateji su yollarında qlobal logistika və dəniz nəqliyyatı tam gücü ilə və təhlükəsiz bərpa olunacaq ki, bu da dünya ticarət dövriyyəsini sürətləndirəcək. Siyasi balansların qlobal müstəvidə yenidən şəkillənməsi çərçivəsində İranın Qərb tərəfindən rəsmən tanınan bir tərəfdaşa çevrilməsi, onun regional proksi şəbəkəsinin — Hizbullah, Həmas və Husilərin siyasi müstəviyə keçməsini və ya tamamilə cilovlanmasını qaçılmaz edəcək. Digər tərəfdən, Rusiya Yaxın Şərqdəki ən böyük hərbi-strateji müttəfiqini diplomatik mənada itirmiş olacaq və Tehranın Qərblə anlaşması Ukrayna müharibəsində Moskvaya verilən hərbi dəstəyin, xüsusən də dron və raket tədarükünün tamamilə kəsilməsi və ya minimuma enməsi ilə nəticələnə bilər ki, bu da Ukrayna cəbhəsində də şərtləri dəyişəcək. İsveçrədə imzalanacaq bu saziş regiona tamamilə yeni bir iqtisadi intibah və tranzit sabitliyi vəd edir".
Tunar,
NOCOMMENT.az











