“Dünya İqtisadi Forumunun builki toplantısı, zənnimcə Azərbaycan üçün sadəcə növbəti beynəlxalq platforma deyil, geopolitik və geoiqtisadi dönüş nöqtələrinin sinxronlaşdığı mühüm mərhələ kimi yadda qalacaq”.
Bu sözləri NOCOMMENT.az-a deputat Elçin Mirzəbəyli deyib.
“Prezident İlham Əliyevin Davos mesajlarının mərkəzində dayanan əsas istiqamət etibarlı tranzit və enerji tərəfdaşlığıdır. Bu xüsusda, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri istənilən geosiyasi şəraitdə yerinə yetirən nadir ölkələrdəndir. Zəngəzur dəhlizinin açılması isə bu etibarlılığı strateji üstünlüyə çevirir. Söhbət yalnız Azərbaycan-Ermənistan və ya Azərbaycan-Türkiyə əlaqələrindən getmir. Burada Orta Dəhlizin güclənməsi, Çin–Avropa ticarət marşrutlarının şaxələndirilməsi, Xəzər hövzəsinin Avropa bazarlarına birbaşa çıxışı, Türk dünyasının iqtisadi inteqrasiyası kimi çoxşaxəli geoiqtisadi nəticələr nəzərdə tutulur”.

Onun sözlərinə görə, Davos görüşləri zamanı əldə olunan razılaşmalar və aparılan danışıqlar göstərir ki, Azərbaycan artıq xammal ixracatçısı obrazından çıxaraq logistika, enerji, rəqəmsal kommunikasiyalar və yaşıl keçid mərkəzi rolunu oynamağa başlayır.
Prezident İlham Əliyevin mesajlarını, qənaətimə görə aşağıdakı istqaimətlər üzrə ümumiləşdirmək olar:
Sülh gündəliyi alternativsizdir, lakin sülh real layihələr üzərində qurulmalıdır.
Zəngəzur dəhlizi təzyiq aləti deyil, regional inkişaf mexanizmidir.
Azərbaycan bölgəni kənar təsir mərkəzlərinin rəqabət meydanına çevirmək niyyətində deyil.
Enerji və nəqliyyat təhlükəsizliyi artıq milli yox, qlobal məsələdir.
Cənubi Qafqaz artıq qeyri-müəyyənlik zonası deyil, planlaşdırılan oltaq gələcək məkanıdır.

Davos Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət strateji ardıcıllığa əsaslanır. Zəngəzur dəhlizi isə bu ardıcıllığın simvoludur və təkcə yol yox, dövlətlərarası etimad xətti, təkcə infrastruktur yox, siyasi iradənin materiallaşmış formasıdır.
İlham Əliyev Davosda bölgənin gələcəyi qurmaqda olan lider kimi çıxış etdi. Azərbaycan isə özünü bir daha regionun yox, Avrasiyanın əsas geosiyasi və geoiqtisadi aktorlarından biri kimi təsdiqlədi” – deputat deyib.
Atilla Rzasoy












