ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza gözlənilən səfəri fonunda regionda yeni risklər və narahatlıqlar müzakirə olunmaqdadır.
Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan videoçıxışında danışıb.
Marukyan bildirib ki, Vensin səfəri təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə, mümkün ABŞ–İran qarşıdurması baş verərsə, Vaşinqton Ermənistan və Azərbaycanın mövqelərini öncədən dəqiqləşdirməyə çalışır.
Keçmiş diplomatın fikrincə, Ermənistan bu səfər zamanı daha həyati məsələləri qabartmalıdır. O xatırladıb ki, Bakı uzun illər ABŞ-dən silah ala bilmirdi, lakin hazırda bu məhdudiyyətlər faktiki olaraq aradan qalxıb. Marukyan hesab edir ki, Ermənistan ABŞ-dən açıq təhlükəsizlik zəmanətləri tələb etməlidir ki, Azərbaycanın əldə etdiyi silahlar gələcəkdə Ermənistan əleyhinə istifadə olunmasın.
Marukyan eyni zamanda daha təhlükəli bir ssenariyə diqqət çəkib. Onun sözlərinə görə, Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasından sonra Bakının məhv olmuş qondarma rejim rəhbərlərinə ömürlük həbs hökmü çıxarması yeni mərhələnin başlanğıcı ola bilər. Keçmiş səfir iddia edir ki, növbəti addım kimi Azərbaycan “kompensasiya” adı altında Ermənistandan ərazi tələbləri irəli sürə bilər və məhz bu risk hazırda İrəvanda ən ciddi narahatlıq doğuran məsələdir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, ümumilikdə regionda və dünyada baş verən proseslər onu göstərir ki, beynəlxalq münasibətlərdə “hər şey mümkündür” anlayışı artıq sadəcə nəzəri fikir deyil, real praktikaya çevrilib:
“Tarix boyu törədilmiş cinayətlər, xüsusilə də uzun müddət inkar edilən və ya görməzlikdən gəlinən hadisələr, geosiyasi şərait dəyişən kimi yenidən gündəmə gəlir. Ermənistanın Azərbaycan ərazilərinə qarşı həyata keçirdiyi işğal siyasəti, mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlər və bu işğalın illərlə davam etdirilməsi faktiki olaraq beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Bu reallıq uzun müddət müxtəlif siyasi səbəblərlə ört-basdır edilsə də, situasiya dəyişdikcə tarixin “donmuş” hesab edilən səhifələri yenidən açılır”.
Şərhçi qeyd edib ki, məhz bu kontekstdə Azərbaycanın Ermənistana qarşı kompensasiya tələbi irəli sürməsi tamamilə legitim və hüquqi baxımdan əsaslı görünür:
“Söhbət təkcə maddi təzminatdan getmir. Hətta müəyyən şərtlər daxilində ərazi xarakterli tələblərin belə gündəmə gəlməsi beynəlxalq münasibətlər tarixində qeyri-adi hal sayılmır. Dünya praktikasında müharibə və işğal nəticələrinə görə dövlətlərin həm maddi, həm də siyasi-hüquqi məsuliyyət daşıması kifayət qədər nümunələrlə mövcuddur. Burada əsas məsələ gələcəkdə Ermənistanın hansı siyasi xətti seçəcəyidir. Əgər rəsmi İrəvan hələ də keçmiş cinayətləri inkar etmək, məsuliyyətdən yayınmaq və revanşist ritorikaya üstünlük vermək yolunu tutarsa, bu cür tələblərin daha da sərtləşməsi qaçılmaz ola bilər. Əksinə, real barışıq və hüquqi məsuliyyət yolunu seçərsə, proseslər fərqli məcrada inkişaf edə bilər.
Yəni məsələ yalnız Azərbaycanın nə tələb etməsində deyil, Ermənistanın gələcək davranış modelindədir”.
Tunar












