Azərbaycanın dövlət idarəçilik sistemində son dövrlərdə həyata keçirilən struktur islahatları və ixtisarlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Maliyyə Nazirliyində rəhbər dəyişikliyindən sonra büdcə vəsaitlərinə nəzarət və qənaət məqsədilə icra hakimiyyətlərində və müxtəlif dövlət qurumlarında ştatların ixtisarı prosesi sürətlənib. Lakin bu "qənaət" siyasətinin fonunda ortaya çıxan təzadlı mənzərə ciddi suallar doğurur: bir tərəfdən sıravi işçilərin ixtisara düşməsi ilə büdcəyə qənaət edildiyi bildirilir, digər tərəfdən isə icra başçılarının rəsmi gəlirləri ilə heç bir halda mütənasib olmayan lüks həyat tərzi diqqətdən yayınmır.
Xüsusilə icra hakimiyyətlərinin avtomobil qarajları büdcə şəffaflığı baxımından qaranlıq məqamlarla doludur. Rayon küçələrində şütüyən, önündə sayrışan işıqlar (miqalkalar) quraşdırılmış, dövlət qeydiyyat nişanı "AA 001" ilə bitən son model BMW-lərin hansı vəsaitlə alındığı böyük sual işarəsidir. Maliyyə Nazirliyinin struktur ixtisarlarına göstərdiyi həssaslığı nədənsə bu lüks avtomobil parklarına göstərməməsi, "hansı göstəricilərə görə bu bahalı maşınlar icra başçılarına təhkim olunur?" sualını aktuallaşdırır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan "Ağ Partiya" sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, islahatların ağırlığı həmişə sadə vətəndaşın çiyinlərinə düşür: "Təəssüflər olsun ki, Azərbaycanda hər hansı bir addım atılırsa, bu ilk növbədə aşağı təbəqənin əleyhinə işləyən addımlar olur. İcra hakimiyyətlərində ixtisarlar sürətlənib, bəs bu insanlar işlə təmin olunurlarmı? İşsizlər ordusunun sayı artdıqca gələcək daha dumanlı görünür".

Cavanşir Abbaslı
Onun sözlərinə görə, Maliyyə Nazirliyinin büdcəyə qənaət mexanizmi yalnız maaşlı işçilərə şamil olunur, lakin icra başçılarının "xidməti" lüksünə toxunulmur: "Maliyyə Nazirliyi ciddi şəkildə sorğu-suala çəkilmir. Cəzalandırma metodu yalnız aşağı vəzifə tutanlara işləyir. Əgər qənaət prosesi gedirsə, bəs bu icra başçıları 500-600 minlik BMW-ləri hansı maaşla, hansı rəsmi gəlirlə alırlar? Qanunla icra başçısı belə bir vəsaitə şəxsi maşın ala bilməz. Əgər bu dövlət vəsaitidirsə, Maliyyə Nazirliyi bu israfçılığa niyə göz yumur? İndiyə qədər bir neçə icra başçısı həbs olundu və biz gördük ki, onların kabinetlərindən, seyflərindən milyonlar çıxır".
Siyasi şərhçi icra başçılarının avtomobil həvəsinin artıq xalq arasında ironik ləqəblərə çevrildiyini qeyd edib: "Məsələn, Sabunçu rayonunun icra başçısının məşhur ləqəbi var: 'Porşe Adil'. Bu şəxs öz maşın kolleksiyası ilə fəxr edir. Belə bir nümunə olan yerdə digər icra başçıları da xalqdan oğurladıqları pullarla özlərinə lüks həyat quracaqlar. Bir müddət əvvəl Salyanın keçmiş icra başçısının oğlunun Çexiyada 40-dan çox malikanəsi tapıldı. Bu qədər sərvətin mənbəyi birdir: birbaşa korrupsiya. Hansı icra başçısı ciddi yoxlanılsa, onun son dayanacağı türmə olur. Amma nədənsə islahatlar və 'qənaət' deyəndə ancaq kiçik ştatların ixtisarı başa düşülür".
Görünən odur ki, xidməti avtomobillərin üzərinə bağlanan "AA 001" nömrələri və son model BMW-lər dövlət büdcəsinin yox, rayonlardakı kölgə iqtisadiyyatının və korrupsiyanın göstəricisidir. Maliyyə Nazirliyinin avtomobil qarajlarına nəzarət etməməsi isə bu özbaşınalığa rəsmi şərait yaradır.
Tunar,












