Merz Əliyevlə danışdı, sonra isə İrəvana zəng etdi: Almaniya liderinin Cənubi Qafqaz diplomatiyası – Təhlil

Merz Əliyevlə danışdı, sonra isə İrəvana zəng etdi: Almaniya liderinin Cənubi Qafqaz diplomatiyası – Təhlil

Almaniya Kansleri Fridrix Merz Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlardan dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib.

NOCOMMENT.az xəbər verir ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun jurnalistlərə verdiyi məlumata görə, iyulun 22-də baş tutan telefon danışığı zamanı hökumət başçıları "Yaxın Şərqdəki mövcud vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və bunun Cənubi Qafqaza təsirlərini" müzakirə ediblər.

Kornelius bildirib ki, Almaniya kansleri Ermənistanla Azərbaycan arasındakı sülh prosesində irəliləyiş üçün növbəti addımların atılmasını zəruri hesab edib və bunun regional sabitlik üçün vacibliyini vurğulayıb:

"Hər iki tərəf ikitərəfli münasibətlərin və Ermənistanın Aİ ilə əlaqələrinin genişləndirilməsi imkanlarını qeyd edib."


Ermənistan hökumətinin yaydığı rəsmi açıqlamada da tərəflərin regional və beynəlxalq gündəliyi, eləcə də Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş sülh mövzusunu müzakirə etdikləri bildirilib.

Berlin prosesin mərkəzində: Tarixi razılaşma və Almaniyanın rolu

Xatırladaq ki, iyulun 21-də Azərbaycan Prezidenti ilə Almaniya kanslerinin Berlindəki danışıqlarının əsas mövzularından biri Bakı ilə İrəvan arasında sülh prosesinin cari vəziyyəti olub. Liderlərin birgə mətbuat konfransında Kansler Merz Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin zəruri olduğunu qeyd edərək Prezident İlham Əliyevi paraflanmış sülh sazişi
münasibətilə təbrik etmişdi:

"Bu, tarixi sazişdir. Bunun sayəsində onilliklər boyu davam edən münaqişəni tənzimləmək üçün şans yaranır. Almaniya və Avropa əllərindən gələni etməkdən məmnun olacaqlar."


Onun sözlərinə görə, regionda sabitliyin gücləndirilməsi ölkələr arasında iqtisadi sahədə geniş əməkdaşlıq üçün də yeni imkanlar açır.

Konstitusiya maneəsi və Berlinin diplomatik impulsı

Məlum olduğu kimi, keçən ilin avqust ayında Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanmasına mane olan əsas amil Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edən Müstəqillik Bəyannaməsinə edilən istinadlardır. Bakı dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması məhz bu ərazi iddialarının Ermənistan Qanunvericiliyindən çıxarılmasından sonra mümkün olacaq.

Almaniya bundan əvvəl də Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində konstruktiv və balanslaşdırılmış vasitəçilik təşəbbüsləri irəli sürüb. Xatırladaq ki, 2024-cü ilin aprelində sabiq kansler Olaf Şoltsun təşəbbüsü ilə Berlində İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşü keçirilmişdi. Daha əvvəl isə, həmin ilin fevral ayında Borziq villasında hər iki ölkənin xarici işlər nazirləri gələcək sülh müqaviləsinin layihəsini razılaşdırmışdılar. Berlinin Cənubi Qafqazdakı nizamlanmada fəal rol oynamaq istədiyi açıq-aydın görünür.

Bu kontekstdə, Azərbaycan Prezidenti ilə aparılan müzakirələrdən sonra kansler Merzin Ermənistanın Baş nazirinə zəng etməsi təsadüfi deyil. Nikol Paşinyan yaxınlarda yeni Konstitusiya layihəsinin ilin sonuna qədər dərc olunacağını və sənəddə maneə yaradan Müstəqillik Bəyannaməsinə istinadın olmayacağını vəd etmişdi. Lakin Ermənistan parlamentindəki mövcud qüvvələr balansı fonunda Paşinyanın bu problemi necə həll edəcəyi hələ də sual altındadır.

Əli Səfərli,
NOCOMMENT.az