İran rəsmiləri İsveçrədə keçirilməsi nəzərdə tutulan növbəti danışıqlar raundunu gözlənilməz şəkildə təxirə salıb. Danışıqların başlamasına cəmi bir neçə saat qalmış verilən bu qərar regionda gərginliyin yenidən artmasına səbəb olub.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin "C14" telekanalının mənbələrinə görə, Tehranın bu addımı İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubunda həyata keçirdiyi hərbi əməliyyatlara birbaşa etiraz xarakteri daşıyır.
Livanın "Al-Mayadeen" telekanalı isə bildirib ki, İran rəhbərliyi artıq ABŞ və regiondakı vasitəçiləri rəsmi şəkildə məlumatlandıraraq, bundan sonrakı bütün məsləhətləşmələrin əsas mövzusunun Livan böhranı olacağını bəyan edib. Tehranın mövqeyi qətidir: İsrailin Livan ərazisindəki addımları əvvəlcədən əldə olunmuş razılaşmaların ruhuna ziddir və bu məsələ həll olunmadan diplomatik prosesin irəli aparılması qeyri-mümkündür.
Bu qərar tərəflər arasında "İslamabad Anlaşma Memorandumu"ndan sonra yaranan nisbi yumşalmanı ciddi sınaq qarşısında qoyur. Ekspertlər hesab edir ki, İranın bu diplomatik manevri ABŞ-a İsrail üzərindəki təsir imkanlarını daha fəal istifadə etməsi üçün bir ultimatum mesajı daşıyır.
Əli Səfərli,
NOCOMMENT.az











