İranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. Baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı yüzlərlədir.
Əhalinin qanuni narazılığı Liviya və Suriya kimi ölkələrdə sınaqdan keçirilmiş vətəndaş müharibəsi ssenarisinin reallaşdırılması üçün münbit zəminə çevrilib. Sosial partlayışın əsasında uzun illər Qərb sanksiyaları ilə dərinləşmiş iqtisadi böhran və son vaxtlar İsraillə eskalasiya dayanır. Ölkədə uzun müddət rəsmi dollar məzənnəsi ilə bazar məzənnəsi arasında böyük fərq mövcud olub. Lakin sonrakı proseslər iqtisadi məntiqin çərçivəsindən çıxıb. Ölkənin ali rəhbərliyi də daxil olmaqla hakimiyyət vətəndaşların etiraz hüququnu tanıyıb və kompensasiya mexanizmləri barədə dialoqa başlasa da, xarici qüvvələr yaranmış vəziyyəti destabilizasiya üçün istifadə edib.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Asif Nərimanlı deyib ki, Tramp İranda etirazçıların öldürülməsinə görə müdaxilə ediləcəyinə dair bir neçə dəfə xəbərdarlıq etsə də, ABŞ-nin gözləmə mövqeyi bir sıra səbəblərdən qaynaqlana bilər:
“Vaşinqton hərbi müdaxilənin əks-effekt verə biləcəyindən, “xarici müdaxilə” qarşısında etirazların səngiməsindən ehtiyatlanır və prosesin tam “yetişməsini”, Trampın dediyi kimi, “kimin önə çıxacağını görmək” istəyir. Etirazların ilk günlərində xarici müdaxilə rejimin “əlinə oynamaq” kimi görünürdüsə, repressiyaların güclənməsi fonunda bu mənzərə dəyişir, rejimə hərbi hücum etirazçılar tərəfindən dəstəklənə bilər.
ABŞ-nin İranın hərbi müdaxiləyə cavabını proqnozlaşdırmaq çətinliyi ola bilər. 12 günlük müharibəyə qədər Tehranın “qisas hücumu” ənənəvi olaraq, Vaşinqtonla razılaşdırılmış və idarəolunan formada baş verirdi, lakin mövcud vəziyyətdə seçimi qalmayan rejim “tarana gedəcək” ki, bu da həm bölgədəki Amerika bazalarına, həm də İsrailə risklər yarada bilər”.
“Lakin rejimi dəyişmək imkanının yaranması fonunda ABŞ-nin hərbi müdaxilə ssenarisini işə salacağı ehtimalı hər keçən gün artır. Mümkündür ki, Vaşinqton beynəlxalq legitimliyi tam qazanmaq üçün “qaçılmaz vəziyyətin” formalaşmasını gözləyir.
ABŞ üçün etirazçıları qorumaq və onların dəstəyini qazanmaq məqsədilə İrana mümkün hərbi müdaxilədə iki hədəf, SEPAH da daxil olmaqla etirazçılara qarşı zorakılıq törədən təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik, prioritet ola bilər”, – siyasi şərhçi vurğulayıb.












