Ermənistanda revanşist dairələrin nümayəndələri ölkənin gələcəyi ilə bağlı yeni bədbin proqnozlar səsləndiriblər. Bu dəfə revanşist politoloq Artur Xaçikyan SOS siqnalı verib. Onun fikrincə, İsrailin qondarma 'erməni soyqırımı'nı tanıması Ermənistanın maraqları ilə yox, Təl-Əviv və Ankara arasında münasibətlərin kəskinləşməsi ilə bağlıdır və ermənilər bu qərarı öz diplomatik uğurları kimi qiymətləndirməməlidirlər. Xaçikyana görə, Yaxın Şərq və Cənubi Qafqazda maraqları toqquşan böyük dövlətlər gələcəkdə Ermənistanın taleyini onun iştirakı olmadan həll edə bilər. O iddia edib ki, növbəti geosiyasi qarşıdurmanın əsas mərkəzlərindən biri Mehri olacaq. Erməni politoloqun fikrincə, burada bir tərəfdən Türkiyə, Azərbaycan, İsrail və ABŞ, digər tərəfdən isə Rusiya və İranın maraqları toqquşacaq. Xaçikyan hesab edir ki, Ermənistana Mehri dəhlizinin açılması ilə bağlı təzyiqlər daha da güclənəcək. O bildirib ki, bu layihə müxtəlif dövlətlər tərəfindən İranı şimaldan təcrid etmək, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsini təmin etmək və Rusiyanın cənub kommunikasiyalarını zəiflətmək məqsədi daşıyır. Xaçikyanın qənaətincə, böyük dövlətlər razılığa gəlsə, Ermənistan yenidən kənarda qalacaq və ona yalnız qəbul edilmiş qərarlar barədə məlumat veriləcək. O, razılıq əldə olunmasa, məsələnin güc yolu ilə həllinin də mümkün olduğunu irəli sürüb. Xaçikyan, həmçinin Türkiyə ilə İsrail arasında Cənubi Qafqazın təsir dairələrinin bölüşdürülməsi barədə razılaşmanın mümkünlüyünü də istisna etməyib. Məqalənin sonunda isə istehzalı şəkildə Ermənistanı Şükran Günü süfrəsində hissələrə bölünən hinduşkaya bənzədərək onun taleyinin yenə də kənar güclər tərəfindən müəyyən ediləcəyini söyləyib.
NOCOMMENT.az xəbər verir ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və Zəngəzur (Mehri) dəhlizinin açılması istiqamətində yaranan qlobal konsensus İrəvanın siyasi elitasında və ekspert dairələrində dərin vahimə və çarəsizlik mühiti yaradıb. Erməni ekspertlərin rəsmi İrəvanı böyük güclərin masasında parçalanmağı gözləyən subyektsiz bir varlığa bənzətməsi birmənalı olaraq Ermənistanın xarici siyasətdəki tam iflasının və geosiyasi dalana dirənməsinin etirafıdır. Yaxın Şərqdə alovlanan münaqişələrin regiona proqnozlaşdırılan təsirləri fonunda Bakı və Ankaranın atdığı strateji addımlar İrəvanda artıq geri dönüşü olmayan bir prosesin başlanğıcı kimi qəbul edilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Qabil Hüseynli qeyd edib ki, erməni politoloq Artur Xaçikyanın Ermənistanı Şükran Günü süfrəsindəki hinduşkaya bənzətməsi əslində İrəvanın onilliklər boyu yürütdüyü işğalçı və asılı siyasətin acınacaqlı, lakin tam real yekunudur: "Xaçikyanın bu bədbin və qorxu dolu təhlilləri Ermənistanın regional oyunçu olmaq şansını birdəfəlik itirdiyini göstərir. Erməni ekspertlər dərk edirlər ki, regionda Azərbaycanın və Türkiyənin iradəsi olmadan heç bir nəqliyyat və ya təhlükəsizlik arxitekturası qurula bilməz. Netanyahu hökumətinin qondarma iddialardan Ankara və Bakıya qarşı bir təzyiq rıçaqı kimi istifadə etmək cəhdləri müvəqqəti xarakter daşıyır və İrəvana heç bir strateji divident qazandırmır. Mehri istiqamətində, yəni Zəngəzur dəhlizində ABŞ, Türkiyə, Azərbaycan və İsrailin maraqlarının kəsişməsi, rəsmi Bakının apardığı çoxşaxəli və qətiyyətli diplomatiyanın nəticəsidir. İrəvan indiyə qədər Rusiyanın və ya İranın çətiri altında gizlənərək bölgədə əbədi blokada şəraitində yaşaya biləcəyini zənn edirdi. Lakin bu gün reallıq budur ki, Rusiya da, İran da öz daxili və xarici böhranları ilə məşğuldur və heç bir dövlət Ermənistanın varlıq qarantı rolunda çıxış etmək niyyətində deyil. Əgər böyük güclər regional tranzit xətlərinin, xüsusən Çindən Avropaya uzanan Orta Dəhlizin Mehri seqmentinin açılmasında razılığa gəlsələr, Ermənistana sadəcə bu qərarı imzalamaq qalacaq. Rəsmi Bakı və Ankara hər zaman regional əməkdaşlıq tərəfdarı olub, lakin İrəvan bu prosesi süni şəkildə uzatmağa və ya güc tətbiq etməyə cəhd edərsə, Azərbaycan ordusunun yaratdığı hərbi real güc faktoru məsələni öz şərtlərimiz daxilində tamamilə həll edəcək. Ermənistanın yeganə xilas yolu revanşist xəyallardan əl çəkib Azərbaycanın şərtləri ilə sülh müqaviləsini imzalamaqdır".
Tunar,











