ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan sülh memorandumu ətrafında müzakirələr davam edərkən, İsrail hökumətindən rəsmi Vaşinqtona qarşı növbəti kəskin etiraz gəlib. İsrailin maliyyə naziri Bezalel Smotriç Ağ Evin Tehranla reallaşdırdığı bu sövdələşməni kəskin şəkildə tənqid edib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, maliyyə naziri öz rəsmi sosial şəbəkə hesabında bəyanat yayaraq, Vaşinqtonun bu addımının regional təhlükəsizliyi zərbə altında qoyduğunu bildirib:
"İranla əldə olunan bu razılaşma İsrail və bütün azad dünya üçün olduqca zərərlidir. Nöqtə. Bu günə qədər İranın zəiflədilməsi istiqamətində tərəfdaşlarımızla apardığımız birgə hərbi-siyasi kampaniya çox mühüm nəticələr verib və bu tarixi nailiyyətlər əsla itirilməyəcək".
Maliyyə naziri vurğulayıb ki, Təl-Əviv müttəfiqlərinin qərarlarına rəğmən, öz milli maraqlarını qorumaqda qərarlıdır:
"Biz İran rejiminə qarşı mübarizəni tamamilə müstəqil, daha fərqli və yaradıcı üsullarla davam etdirməliyik. Tehranın nəyin bahasına olursa-olsun, heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcəyik".
Sara,
NOCOMMENT.az











