Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrini dialoqa və səbrə çağırıb, vurğulayıb ki, xalqlar arasında etimad məhz bu yolla möhkəmlənir.
Brüsseldə “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun sammitində çıxış edən nazir bildirib ki, Cənubi Qafqazda artıq sülhün yalnız hipotetik imkanından deyil, artıq əldə olunmuş sülhdən danışılır. Mirzoyan qeyd edib ki, sülh təkcə müharibənin olmaması deyil: “Hökumətlər sazişlər imzalaya bilər, amma etimadı yaradan cəmiyyətlərdir. Həqiqi dialoq və barışıq sizin əlinizdədir”. O, həmçinin son vaxtlar İrəvan və Bakıda Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan birbaşa təmasları alqışlayıb və bunları dayanıqlı sülhə doğru mühüm addım kimi dəyərləndirib.
Ortaya bir neçə sual çıxır, Ermənistanın “artıq sülh əldə olunub” mesajı nə qədər reallığı əks etdirir? Mirzoyanın bəyanatları Ermənistan hökumətinin rəsmi sülh strategiyasının hansı mərhələyə keçdiyini göstərir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, erməni nazirin açıqlamalarında ilk baxışdan müsbət elementlər olsa da, heç kəs unutmamalıdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində kifayət qədər ciddi addımlar atılır.
“Xüsusilə bu il, avqustun 8-də sülh sənədinin paraflanması sülh yolunda atılmış son, çox önəmli addım hesab olunur. Bundan sonra da irəliyə doğru addımlar atılıb, diplomatlar səfərlər həyata keçiriblər.
Lakin diqqət edilməlidir ki, Azərbaycan tərəfi sülhə tam hazırdır, amma Ermənistan tərəfi hələ hazır deyil.
Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair ərazi iddiaları hələ də qalmaqdadır. Əgər bir ölkənin əsas qanunverici sənədində digər tərəfə ərazi iddiaları mövcuddursa, hansı sülhdən söhbət gedə bilər? Bu baxımdan erməni nazir yalnız büdcədə çıxış etdiyi tribunanı istifadə edərək dünyaya göstərmək istəyir ki, Ermənistan sülh istəyir və sülhə hazırdır.
Amma konstitusiyadakı ərazi iddiaları referendum yolu ilə aradan qaldırılmadığı təqdirdə yekun sülh sazişinin imzalanması mümkün görünmür”.
Şərhçinin sözlərinə görə, gələn il iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək:
“Həmin vaxta qədər ərazi iddialarının aradan qaldırılacağını düşünmürəm. Hazırda Baş nazir Paşinyan yalnız seçkilərdə qələbə qazanmağa çalışır. Seçkilərdə revanşistləri boğmaq məqsədilə ərazi iddialarını aradan qaldırmasa, müharibə tərəfdarları yenidən ayağa qalxa və fürsət əldə edə bilərlər. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, gələn ilin iyun ayına qədər sülh sazişinin imzalanması ehtimalı aşağıdır.
İyundan sonra isə sülh istiqamətində mühüm addımların atılması və yekun sazişin əldə olunması şansları kifayət qədər yüksək görünür”.












