Hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifələrin uzun müddətdir boş qalması xəbəri cəmiyyətdə bəzi suallar yaradıb. Bildirilir ki, muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları öz sahiblərini gözləyir. Yada salaq ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci il dekabrın 21-də istefa verib. Hazırda həmin vəzifəni sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir.
Muxtar respublikanın ədliyyə naziri Daşqın Rəhimov 2023-cü il oktyabrın 11-də işdən çıxarılıb. Hazırda ədliyyə nazirinin səlahiyyətlərini nazir müavini Hüseyn Səfərov yerinə yetirir. Naxçıvan MR-ın mədəniyyət naziri Natəvan Qədimova 2023-cü il mayın 8-də vəzifədən uzaqlaşdırılıb. Nazir vəzifəsinin icrası isə müvəqqəti olaraq nazir müavini Həsən Seyidova həvalə olunub. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov 2025-ci il dekabrın 1-də tutduğu vəzifədən azad edilib. Yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası nazir müavini Rəşadət Nabatova tapşırılıb.
Muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və eyni zamanda nazir vəzifəsinin icrası Azər Məmmədrəhimova həvalə edilib. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli 2025-ci il fevralın 20-də işdən çıxarılıb. Hazırda xidmətə rəis müavini Tural Abdulzadə rəhbərlik edir. Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsi də boşdur.
2026-cı il mayın 8-də Nurlan Fətəliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli 2025-ci il iyunun 12-də vəzifəsindən azad olunub. Hazırda televiziyaya müvəqqəti olaraq jurnalist İlhamə Novruzova rəhbərlik edir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. Bu il fevralın 9-da şəhərin icra başçısı Cabbar Musayev muxtar respublikanın Baş naziri təyin olunub.
Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra başçısının birinci müavini Əhməd Vəliyev yerinə yetirir. Beləliklə, Naxçıvan Muxtar Respublikasında bir sıra əsas dövlət institutları hazırda müvəqqəti rəhbərlərlə fəaliyyət göstərir. Rəsmi qurumlar tərəfindən bu vakant vəzifələrə daimi təyinatların nə vaxt həyata keçiriləcəyi ilə bağlı hələlik hər hansı açıqlama verilməyib. Bu isə muxtar respublikada aparılan idarəetmə islahatlarının növbəti mərhələsi ilə bağlı gözləntiləri artırır.
Naxçıvan Muxtar Respublikasında Ali Məclis başda olmaqla, əsas nazirliklər, dövlət xidmətləri, media strukturları və icra hakimiyyəti orqanlarının uzun müddətdir daimi rəhbər olmadan, səlahiyyət icraçıları vasitəsilə idarə edilməsi ölkənin daxili siyasət gündəmində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bir çox mühüm postların aylarla, bəzilərinin isə illərlə vakant saxlanılması sıradan bir kadr qıtlığı və ya bürokratik ləngimə deyil, Bakının muxtar respublika ilə bağlı yürütdüyü köklü, sistemli və strateji yenidənqurma siyasətinin göstəricisidir. Xüsusilə dövlət başçısının Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin hüquqi rıçaqlarını və statusunu maksimum gücləndirən son fərmanından sonra muxtar respublikadakı idarəetmə arxitekturasının Bakının mərkəzi icra strukturuna tam inteqrasiyası yeni kadr təyinatlarına fərqli kontekstdən yanaşmağı tələb edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Naxçıvanda əsas dövlət strukturlarının uzun süredir müvəqqəti rəhbərlərə həvalə edilməsi tamamilə şüurlu şəkildə atılmış geosiyasi və inzibati addımdır və burada əsas məqsəd muxtar respublikada köhnə idarəetmə sisteminin qalıqlarını tamamilə sıfırlamaqdır: "Cəmiyyətdə bəzən elə bir təəssürat yaranır ki, Naxçıvanda vəzifələrə təyin etməyə kadr tapılmır. Bu, tamamilə yanlış yanaşmadır. Bakının strateji hədəfi Naxçıvandakı feodal, mərkəzdənqaçma meylli idarəetmə modelini tamamilə ləğv edərək onu unitar dövlət idarəçiliyinə tam uyğunlaşdırmaqdır. Diqqət yetirsək görərik ki, vakant qalan yerlərin hamısına Bakı tərəfindən müvəqqəti icraçılar təyin edilib və bu kadrlar mərkəzi nazirliklərlə birbaşa koordinasiyada işləyirlər. Prezident İlham Əliyevin 2026-cı il iyulun 1-dən qüvvəyə minən son fərmanı ilə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinə fövqəladə səlahiyyətlər, müstəqil balans və xəzinə hesabları verildi. Hətta yerli Ali Məclisin buraxılması, kadr təyinatları, təltiflərin verilməsi rəyi birbaşa səlahiyyətli nümayəndəliyin süzgəcinə keçdi. Bu o deməkdir ki, Bakı Naxçıvanda böyük bir struktur islahatına hazırlaşır. Uzun müddət daimi nazir və ya icra başçısının təyin olunmaması həm də ona görədir ki, həmin strukturların yaxın gələcəkdə statusu dəyişdirilə bilər; məsələn, yerli nazirliklər tamamilə ləğv edilib Bakıdakı mərkəzi nazirliklərin regional idarələrinə çevrilə bilər. Belə bir vəziyyətdə ora daimi nazir təyin edib, sonra həmin ştatı ləğv etmək hüquqi baxımdan səmərəli deyil. Dövlət Naxçıvanda yeni kadrları təyin edərkən maksimum dərəcədə ehtiyatlı davranır, çünki ora yerli qruplaşmalarla əlaqəsi olmayan, tam mənada müasir, rəqəmsal idarəetmə prinsiplərinə bələd olan və mərkəzi hakimiyyətin siyasətini qüsursuz icra edəcək şəxslər yerləşdirilməlidir. Hazırkı 'kadr pauzası' fırtınadan əvvəlki sakitlikdir; iyulun 1-dən başlanan yeni hüquqi dövrlə birlikdə Naxçıvanda həm idarəetmə aparatının strukturu optimallaşdırılacaq, həm də mərkəzləşdirilmiş sistemin şərtlərinə tam cavab verən yeni təyinatlar dalğası reallaşacaq. Bakı Naxçıvanı tam olaraq öz hüquqi və iqtisadi ekosisteminə bağlayır və bu proses tam başa çatana qədər kadr təyinatlarında tələskənliyə yol verilməyəcək".
Tunar,
NOCOMMENT.az











