Böyük Britaniya plastik lif tərkibli birdəfəlik nəm salfetlərdən imtina etmək qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Mindmegette” nəşri məlumat yayıb.
Həm mağazalarda, həm də onlayn satışlara şamil ediləcək qadağa Birləşmiş Krallığın müxtəlif hissələrində mərhələli şəkildə qüvvəyə minəcək.
Məlum olub ki, problem o qədər də yeni deyil. Belə ki, gündəlik istifadə edilən adi nəm salfetlərin əksəriyyətinin tərkibində plastik liflər var. Bu liflər salfetləri daha möhkəm etsə də, onların təbiətdə uzun illər ərzində parçalanmamasına səbəb olur. Düzgün utilizasiya edilməyən salfetlər kanalizasiyaya atıldıqda boruların tutulmasına, daha sonra isə çay və dənizlərə düşərək mikroplastik çirklənmənin artmasına səbəb ola bilər. Bundan əlavə, bu salfetlərin istehsalı xeyli miqdarda istixana qazı emissiyası ilə müşayiət olunur.
Qərara əsasən, plastik tərkibli nəm salfetlərdən ilk olaraq Uels imtina edəcək. Burada qadağa 18 dekabr 2026-cı il tarixindən qüvvəyə minəcək. Şimali İrlandiya və İngiltərədə qadağa 2027-ci ilin may ayından, Şotlandiyada isə 2027-ci ilin avqust ayından tətbiq olunacaq.
Qadağa uşaq salfetlərinə, makiyaj təmizləyən salfetlərə, yaş tualet kağızına, antibakterial əl salfetlərinə, şəxsi gigiyena məhsullarına və məişət təmizlik salfetlərinə şamil ediləcək.










