Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti və regional gündəliyin həssas məqamları fonunda mühüm siyasi hadisə kimi diqqət çəkir. İyulun 28-də baş tutan təmas zamanı dövlət başçıları ikitərəfli və beynəlxalq müstəvidə duran aktual məsələləri geniş şəkildə müzakirə edərək, Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını və hökumətlərarası strukturlar səviyyəsində fəal dialoqun davam etdiyini xüsusi vurğulayıblar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Vladimir Putinlə İlham Əliyev arasında həyata keçirilən bu telefon danışığı təsadüfi deyil və regionda baş verən son geosiyasi gərginliklər fonunda iki ölkə liderinin birgə təmas zərurətindən irəli gəlir: "Son dövrlərdə Xəzər dənizində və bütövlükdə Cənubi Qafqaz ətrafında cərəyan edən həssas proseslər, təchizat zəncirlərindəki dəyişikliklər və beynəlxalq miqyaslı təhdidlər Bakı ilə Moskvanın operativ şəkildə fikir mübadiləsi aparmasını vacib edib. Prezident İlham Əliyevin qətiyyətli və müstəqil xarici siyasəti Rusiya tərəfi tərəfindən hər zaman nəzərə alınır, Putinlə aparılan dialoq isə münasibətlərdə yarana biləcək hər hansı sual işarələrinin operativ şəkildə aradan qaldırılmasına xidmət edir. İkitərəfli əlaqələrin konstruktiv məcrada saxlanılması həm Azərbaycanın milli maraqlarına, həm də bütövlükdə bölgədə sabitliyin qorunmasına mühüm töhfə verir".

Onun sözlərinə görə, liderlərin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təsdiqləməsi onu göstərir ki, mövcud siyasi və iqtisadi əlaqələr kənar təsirlərdən asılı olmayaraq strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilir: "Bölgədə baş verən qlobal proseslərin və sanksiyalar fonunda yaranan iqtisadi reallıqların fonunda Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman balanslaşdırılmış, praqmatik və milli maraqlara söykənən xətt izləyir. Bu telefon təması bir daha sübut etdi ki, rəsmi Bakı və Moskva regional təhlükəsizlik və iqtisadi layihələr üzrə birgə işləməyə, eləcə də yaranan məsələləri birbaşa təmaslar vasitəsilə həll etməyə üstünlük verirlər".

Tunar,
NOCOMMENT.az