Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ

Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Söhbət zamanı ötən il ərzində iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər yüksək qiymətləndirilib. Xüsusilə, iqtisadi və ticari əlaqələrin inkişafının sülhün real faydalarının təzahürü olduğu qeyd edilib. Bu kontekstdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə daşınması, həmçinin Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı məsələlər müzakirə olunub. Liderlər regionda davamlı sülhün, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın və nəqliyyat əlaqələrinin təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıblar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, bu telefon danışığı və ildönümü fonunda baş tutan təmaslar Cənubi Qafqazda artıq geri dönməz sülh mərhələsinin başlandığını göstərir: “İki ölkə liderinin bir il əvvəl Vaşinqtonda əldə etdiyi tarixi razılaşmalar və bu gün iqtisadi-ticari əlaqələrin, o cümlədən TRIPP marşrutunun reallaşması bölgənin simasını tamamilə dəyişir. Azərbaycan öz gücü və qətiyyəti ilə regionda yeni reallıq yaradıb və bu reallığı artıq bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi qəbul etmək məcburiyyətində qalıb”.

Onun sözlərinə görə, sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin işə düşməsi və neft məhsullarının ixracı kimi amillər sülhün sadəcə kağız üzərində qalmadığının, real iqtisadi nəticələr verdiyinin sübutudur: “ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu prosesə verdiyi dəstək və tərəflərin sərgilədiyi konstruktiv mövqe göstərir ki, yaxın gələcəkdə imzalanacaq yekun Sülh Sazişi bütün Cənubi Qafqaz üçün uzunmüddətli sabitlik, tərəqqi və təhlükəsizlik mühiti formalaşdıracaq”.