Putinin verdiyi ordenin “səsi çıxdı”: “Yeni Naxçıvan”dan Paşinyanı pisləyən bəyanat

Putinin verdiyi ordenin “səsi çıxdı”: “Yeni Naxçıvan”dan Paşinyanı pisləyən bəyanat

Ötən gün xəbər vermişdik ki, Rusiya Prezidenti Vladimir Putin Erməni Apostol Kilsəsinin Rusiya və “Yeni Naxçıvan Yeparxiyası”nın rəhbəri arxiyepiskop Yezrasa (Mkrtiç Nersisyan) “Aleksandr Nevski” ordenini təqdim edib. Putin bu mükafatı erməni katalikosa noyabrın 4-də Milli Birlik Günü münasibətilə verib.

Və bu jestin arxasında Putinin hədəfi hazırda bir-birinə yaxınlaşmaqda olan Azərbaycan və Ermənistan hakimiyyətləridir.

Deyəsən, bu analizlərimizdə haqlıymışıq.

NOCOMMET.az saytı bildirir ki, Rusiya və Rusiyanın 4 noyabrda orden verdiyi “Yeni Naxçıvan” Erməni Yeparxiyasının ruhaniləri bəyanat yayıblar:

“Ermənistan hakimiyyətinin konstitusiyaya zidd, tanrısız, kilsəni ələ keçirməsi və kilsə əleyhinə hərəkətləri, din xadimlərinin qondarma ittihamlarla həbsi və qəsdən nüfuzdan salması, eyni zamanda, erməni kilsəsinin müdafiəsi üçün səsini ucaldan vicdanlı ermənilərin təqib edilməsi və həbsini pisləyirik. Çünki bu hal, qəbuledilməzdir və Allaha nifrət aşılayır. Biz kilsənin sadiq övladlarını hökumətin bu addımlarına laqeyd olmamağa, hökumətə laqeyd yanaşmamağa çağırırıq.

Biz hamını milli-mənəvi dəyərlərin daşıyıcısı və müdafiəçisi, ilahi tərəfindən yaradılmış Müqəddəs Eçmiədzinin sadiq övladları, patriarxın başçılıq etdiyi bütün hərbi və ziyarətçi ruhanilər, xalq tərəfindən seçilmiş Patriarx, bütün ermənilərin katolikosu II Qaregiin ətrafında birləşməyə çağırırıq”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə erməni Apostol Kilsəsi arasında son dövrlərdə kəskinləşən qarşıdurma ölkənin siyasi və mənəvi landşaftında ciddi dalğalanmalar yaradıb. Bu münaqişə təkcə dini və dövlət münasibətlərinə deyil, həm də Ermənistanın daxili sabitliyinə və xarici siyasətinə təsir edir. Paşinyanın kilsəyə qarşı sərt ritorikası, xüsusilə Katolikos II Qareginə yönəlmiş ittihamları cəmiyyətdə dərin bölünmələrə səbəb olub. Onun kilsəni “anbar otaqları” adlandırması və din xadimlərinin selibat vədinə riayət etmədikləri ilə bağlı açıqlamaları hədəflədiyi hücum kampaniyası kimi qəbul edilir. Erməni Apostol Kilsəsi xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Paşinyanın istefasını tələb edərək hökumətə qarşı açıq müxalifət nümayiş etdirib. Bu, Paşinyanın kilsəni siyasi rəqib kimi görməsinə səbəb olub. Münaqişənin kökləri 2020-ci il müharibəsində Ermənistanın məğlubiyyətinə gedib çıxır, hansı ki, kilsə və müxalifət Paşinyanı əsas məsuliyyət sahibi hesab edir.

Rusiyanın “1 nömrəli” adamlarından biri kimi xarakterizə edilən keçmiş xarici işlər naziri Vartan Oskanyan Paşinyanın ritorikasını “milli təməllərə zərər vuran” və “təhlükəli” adlandırıb. Bəzi mənbələr Paşinyanın kilsəyə qarşı kampaniyasında Rusiyanın rolunu qabardaraq kilsənin Moskvadan təlimat aldığını vurğulayır ki, kifayət qədər haqlı yanaşmadır.

Əntiqə Rəşid