“Bu qondarma seçkinin heç bir hüquqi əsası yoxdur. Heç bir beynəlxalq subyekt tərəfindən tanınmayıb və tanınmayacaq da”.
Bunu NOCOMMENT.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və Qarabağda gedən bütün proseslərə Azərbaycan dövləti öz suveren hüquqları çərçivəsində nəzarət edir. “Orada qondarma separatçılar hansı oyunu oynayır, şou göstərir heç bir əhəmiyyəti yoxdur. Sadəcə 44 günlük müharibədən sonra Ermənistanın kapitulyas olunmasının ardından Azərbaycanın suveren ərazisi olan Qarabağda ermənilərin 10 minlik ordusunun yerləşməsi birbaşa Ermənistanın üzərinə götürdüyü öhdəliklərə tamamilə ziddir”.
A.Hüseynovun sözlərinə görə nə qədər ki, Ermənistanın silahlı birləşmələri Azərbaycanın ərazisindədir bu Azərbaycan vətəndaşları üçün, bütövlükdə bölgə üçün bir təhdiddir. “Ona görə də başlıca olaraq Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisini tərk etməlidir. Əgər öz xoşları ilə çıxmasa Azərbaycan öz suveren hüquqlarından istədiyi vaxt istifadə iqtidarına malikdir”.












