Rusiya qiyməti qaldırsa, Azərbaycandan qaz alacağıq - Ermənistandan AÇIQLAMA

Rusiya qiyməti qaldırsa, Azərbaycandan qaz alacağıq - Ermənistandan AÇIQLAMA

Ermənistanın Rusiya qazından asılılığı fonunda İrəvandan regional enerji balansını dəyişdirə biləcək sensasion bəyanat gəlib. Ermənistan rəhbərliyi Rusiya qazının bahalaşacağı təqdirdə Azərbaycan da daxil olmaqla alternativ mənbələrə yönələcəyini rəsmən elan edib.

NOCOMMENT.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya qazının mümkün bahalaşmasına qarşı planlarından danışıb. Komissiya sədri rəsmi İrəvanın Moskvaya alternativ axtardığını açıq şəkildə etiraf edib: "Qonşu ərazilərdə alternativlər var: Azərbaycandan, Türkmənistandan və ya İrandan qaz almaq mümkündür. Qaz satan və infrastrukturu bizə onlardan qaz almağa imkan verən bütün mümkün ölkələrdən, təbii ki, qaz alacağıq".

Mesropyan həmçinin qeyd edib ki, Ermənistanda Rusiya qazının qiyməti artsa belə, hazırkı daxili tariflər 2027-ci ilin əvvəlinə qədər qüvvədə qalacaq. Lakin rəsmi şəxs ölkədə elektrik enerjisinin təxminən 30-35%-nin məhz istilik elektrik stansiyalarında (İES) istehsal olunduğunu xatırladaraq, mavi yanacağın istənilən ciddi bahalaşmasının daxili işıq pulu tariflərinə də mənfi təsir göstərəcəyini gizlətməyib. Siyasi və iqtisadi ekspertlər Ermənistanın rəsmi səviyyədə Azərbaycandan qaz almaq niyyətini səsləndirməsini Cənubi Qafqazda yaranmaqda olan yeni geosiyasi reallıqların və İrəvanın Rusiyadan iqtisadi qopma cəhdlərinin ən bariz nümunəsi kimi qiymətləndirirlər.