2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi qlobal siyasətə, iqtisadiyyata və regional təhlükəsizlik balansına dərin təsir göstərib.
Müharibənin uzun sürməsi Avropa üçün enerji asılılığı, təhlükəsizlik və hərbi strategiyalar baxımından ciddi problemlər yaradıb. Eyni zamanda Cənubi Qafqazda — xüsusilə Azərbaycan və Ermənistan arasında — mövcud status-kvo yeni təzyiqlər və imkanlarla üzləşib. Müharibənin başa çatması isə regionda yeni bir mərhələni, həm diplomatik, həm də hərbi səviyyədə, formalaşdıra bilər.
Siyasi ekspert Elxan Şahinoğlu NOCOMMENT.az-a bildirib ki, müharibə Avropanın təhlükəsizlik strategiyasını köklü şəkildə yenidən qurmağa vadar edib:
“NATO üzvləri, xüsusilə Şərqi Avropadakı ölkələr, Rusiyanın potensial təhdidinə qarşı hərbi hazırlığı artıracaq. Avropa ölkələri müdafiə büdcələrini yüksəldərək silah texnologiyaları və hərbi infrastrukturu gücləndirəcək.
Enerji siyasətində isə Rusiya qazına asılılığın azalması sürətlənəcək. Bu, Avropa İttifaqının enerji diversifikasiyasını və yaşıl enerji layihələrini prioritetləşdirməsinə səbəb olacaq.
Lakin iqtisadi yük, inflyasiya, ərzaq qiymətlərinin yüksəlməsi və miqrant məsələləri həmrəylikdə gərginlik yarada bilər.”
Şahinoğlunun sözlərinə görə, Cənubi Qafqaz regionu Rusiya-Ukrayna müharibəsinin birbaşa və dolayı təsirlərindən kənarda qalmayıb:
“2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında mövcud status-kvo dəyişib və Moskvanın zəifləməsi bu balansı yenidən təsir edə bilər.
Azərbaycan regionda daha aktiv rol oynaya bilər.
İşğaldan azad edilmiş ərazilərdə infrastruktur və iqtisadi layihələrini sürətləndirmək imkanları yaranır. Azərbaycanın strateji təşəbbüsləri həm regionda, həm də beynəlxalq aləmdə təsirini artıracaq.
Ermənistan isə Rusiya faktoru zəiflədikcə, Avropa və ABŞ-la əlaqələrini gücləndirməyə çalışacaq.
Bu, həm iqtisadi, həm də təhlükəsizlik balansını qorumağa yönəlib”.
Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanın hərbi və iqtisadi gücünü xeyli zəiflətdi:
“Bu, Cənubi Qafqazda regional oyunçular üçün yeni imkanlar yaradır. Azərbaycan öz mövqeyini gücləndirəcək, Ermənistan isə təhlükəsizlik və diplomatik balansı qorumaq üçün alternativ əlaqələrə üstünlük verəcək. Lakin hər iki ölkə üçün Moskvanın faktoru hələ də tamamilə aradan qalxmayıb.
Uzun müddətli sanksiyalar və iqtisadi problemlər, həmçinin beynəlxalq reaksiyalar, Moskvanın genişmiqyaslı hərbi əməliyyat aparmasını praktik olaraq çətinləşdirir. Bununla belə, regiondakı siyasi və diplomatik təzyiqlər hələ də mümkündür.
Azərbaycan və Ermənistan arasında vəziyyət diplomatik və regional platformalarda müzakirələrə açıq olacaq, lakin yeni böyük hərbi əməliyyatların ehtimalı aşağıdır”.











