Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni detallar - Putinin şok planı bəlli oldu

Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni detallar - Putinin şok planı bəlli oldu

Rusiya-Ukrayna müharibəsinin son günlərdə daha da kəskinləşməsi və tərəflərin qarşılıqlı şəkildə dağıdıcı silahlardan istifadə etməsi qlobal təhlükəsizlik sistemini ciddi sınaq qarşısında qoyub. Kremlin son dövrlərdə Ukrayna paytaxtına və digər strateji infrastruktur obyektlərinə qarşı reaktiv və ballistik raketlərlə həyata keçirdiyi kütləvi hücumlar müharibənin coğrafiyasını dəyişməklə yanaşı, həm də tərəflərin strateji hədəflərini yenidən formalaşdırır. Qərbin, xüsusilə ABŞ-ın Kiyevə hərbi dəstəyi gücləndirməsi fonunda cəbhə xəttində yaranan yeni reallıqlar Kremlin gözlənilməz təzyiqlərlə üzləşəcəyini və müharibənin Rusiyanın daxili regionlarına, xüsusən də paytaxt Moskvaya doğru sıçrayacağını göstərir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın Kiyevə “Oreşnik” və “İsgəndər” raketləri ilə həyata keçirdiyi kütləvi hücumlar Ukraynanın son dövrlərdə artan hərbi zərbələrinə cavab xarakteri daşıyır: "Rusiyanın Kiyevdə mülki obyektləri hədəfə alması, əsasən, Ukraynanın intensivləşən hücumlarının qarşısını almağa və Kiyevi müəyyən güzəştlərə məcbur etməyə hesablanıb. Qərbin dəstəyi fonunda Ukraynanın hücum imkanları daha da genişlənib. ABŞ-ın Ukraynaya yeni silah partiyaları göndərməsi müharibənin miqyasını və dağıdıcı potensialını artırır. Müharibə artıq daha təhlükəli və dağıdıcı mərhələyə keçir".

Onun sözlərinə görə, cəbhədəki hərbi disbalansı və danışıqlar prosesindəki durğunluğu nəzərə aldıqda, gələcək mərhələdə Rusiyanın daxili təhlükəsizlik mühiti üçün risklər kəskin şəkildə artacaq: "Yaxın dövrdə Ukraynanın Moskvaya daha güclü zərbələr endirməsi ehtimalı artır. Bununla belə, Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hücumların onun hərbi planlarını tam şəkildə təmin edəcəyi gözlənilmir. Danışıqlar masasına oturmaq istəməyən Rusiya prezidenti Vladimir Putin yeni və gözlənilməz təzyiqlərlə üzləşə bilər. ABŞ ilə Rusiya arasında danışıqların nəticəsiz qalması müharibənin uzanmasına səbəb olur".

Politoloq vurğulayıb ki, Kremlin tətbiq etdiyi uzunmüddətli zəiflətmə taktikasına baxmayaraq, Ukrayna hərbi qüvvələri müasir texnologiyaların köməyi ilə müharibəni birbaşa Rusiyanın ürəyinə daşımaq niyyətindədir: "Rusiya Ukraynanı tükəndirmə strategiyasını davam etdirsə də, Ukrayna hər keçən gün daha müasir və dağıdıcı silahlarla Rusiyaya qarşı hücum imkanlarını genişləndirir. Artıq Ukraynanın əsas strateji hədəflərindən biri paytaxt Moskva olacaq".