Dünya neft bazarında qiymət artımı davam edir. Bahalaşma fonunda Azərbaycan neftinin də qiyməti yüksəlib.
Bazar mənbələrinin məlumatına görə, İtaliyanın Auqusta limanında CIF şərtləri ilə satılan "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 ABŞ dolları (1,85%) artaraq 100,56 ABŞ dollarına çatıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli isə 1,88 dollar (1,98%) bahalaşaraq 96,69 ABŞ dolları olub.
Digər etalon markalarda da artım qeydə alınıb. Belə ki, "Urals" markalı xam neft 1,97 dollar (3,23%) bahalaşaraq 62,94 dollara, "Dated Brent" markalı neft isə 1,98 dollar (2,15%) artaraq 94,17 dollara yüksəlib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in məlumatına əsasən, qlobal bazarlarda neftin qiyməti son altı həftənin ən yüksək səviyyəsinə yüksələrək bir barel üçün 88 ABŞ dollarına çatıb. Bahalaşma ardıcıl beş ticarət sessiyasında davam edib və buna əsas səbəb Yaxın Şərqdə artan geosiyasi gərginlikdir.
Bazar iştirakçıları hesab edirlər ki, ABŞ və İran arasında qarşıdurmanın dərinləşməsi, Hörmüz boğazı və Qırmızı dənizdə enerji daşımalarına yönələn risklərin artması qlobal neft tədarükü ilə bağlı narahatlıqları gücləndirərək qiymətlərə yüksəliş təzyiqi yaradır.











