Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsi çərçivəsində anklav kəndlərin qaytarılması məsələsi yenidən aktuallaşıb. Qazax rayonunun 4 kəndinin dinc yolla qaytarılmasından sonra növbədə Kərki (Sədərək), Yuxarı Əskipara, Sofulu və Bərxudarlı (Qazax) kəndlərinin olduğu bildirilir. Politoloq Fərhad Məmmədovun qeyd etdiyi kimi, delimitasiya prosesinin şimaldan cənuba doğru aparılması və kommunikasiya xətlərinin bərpası bu kəndlərin taleyinin həllini yaxınlaşdırır. Lakin anklavların qaytarılması həm hüquqi, həm də logistik baxımdan daha mürəkkəb bir mərhələ hesab olunur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, anklavların qaytarılması Ermənistan üçün həm siyasi, həm də strateji bir sınaqdır: "Ermənistan konstitusion və hüquqi müstəvidə bu kəndlərin Azərbaycana məxsus olduğunu inkar edə bilmir. Xüsusilə Qazaxın 4 kəndinin qaytarılması presedenti göstərdi ki, Bakı bu məsələdə prinsipialdır və beynəlxalq hüququn tələblərini yerinə yetirir. Lakin Kərki və Yuxarı Əskipara kimi kəndlərin strateji əhəmiyyəti ondan ibarətdir ki, Ermənistanın əsas nəqliyyat arteriyaları, o cümlədən Gürcüstana və İrana gedən yolların bəzi hissələri məhz bu ərazilərin yaxınlığından keçir. Bu kəndlərin qaytarılması həm də Ermənistan daxilində yolların marşrutunun dəyişdirilməsini və ya Azərbaycanla tranzit razılaşmalarının əldə olunmasını zəruri edir".
Onun sözlərinə görə, anklavlar məsələsi həm də "qarşılıqlı anklav" mübadiləsi və ya yolların təhlükəsizliyi kontekstində həllini tapa bilər: "Ermənistan tərəfi çox vaxt bizim ərazimizdə olan Başkənd (Arvaşen) məsələsini gündəmə gətirməyə çalışır. Lakin Azərbaycanın mövqeyi aydındır: bizim kəndlər həm ərazi, həm də hüquqi status baxımından qeyd-şərtsiz qaytarılmalıdır. Prosesin TRIPP layihəsi (Trilateral Infrastructure and Peace Project) və digər kommunikasiya xətlərinin açılması ilə sinxronlaşdırılması təsadüfi deyil. Çünki regional nəqliyyat dəhlizləri işə düşəndə sərhədin hər bir qarışının dəqiq müəyyən olunması tikinti və təhlükəsizlik işləri üçün vacibdir. Bu, sadəcə 4 kəndin qaytarılması deyil, həm də regionun yeni logistik xəritəsinin cızılmasıdır".
Politoloq vurğulayıb ki, anklavların qaytarılması prosesi sülh müqaviləsinin imzalanması ərəfəsində ən həlledici məqamlardan biri olacaq: "Bakı bu məsələdə təzyiq deyil, ardıcıl və məntiqli diplomatiya nümayiş etdirir. Əgər Ermənistan rəhbərliyi real sülh istəyirsə, bu kəndləri boşaltmalı və delimitasiya komissiyasının qərarlarına tabe olmalıdır. Bizim kəndlərin qaytarılması Ermənistan daxilində revanşist qüvvələrin etirazlarına səbəb olsa da, rəsmi İrəvan anlayır ki, Azərbaycanın suverenliyini tanımaqdan başqa çıxış yolu yoxdur. Bu proses yaxın aylarda şimal sərhədlərindən başlayaraq cənuba doğru davam edəcək və Azərbaycan öz tarixi torpaqları üzərində tam nəzarətini bərpa edəcək. Bu həm də sülh körpüsünün təməl daşlarından biri olacaq".
Tunar,












