ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”, – deyə XİN-in məlumatında qeyd olunub.
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul etməsi ölkəmizə nə qazandıracaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı Sülh Şurası təşəbbüsü son günlərin ən diqqətçəkən hadisələrindən biridir:
“Bu qurumun əsas məqsədi Qəzzanın müharibədən sonra yenidən qurulmasıdır. Azərbaycan Respublikasının bu təşəbbüsə təsisçi üzv qismində qoşulmaq qərarı ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirən strateji seçimdir. Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında qeyd olunduğu kimi, Azərbaycan dəvəti qəbul edərək, ABŞ tərəfinə niyyətini bildirib. Yəqin ki, yaxın vaxtlarda rəsmi təsdiq məktubu da göndəriləcək.
Bu qərar təsadüfi deyil. Azərbaycan son illərdə sülhə, sabitliyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə tanınır. Qarabağda əldə edilən sülh, regional layihələr, eləcə də İslam həmrəyliyi və multikulturalizm siyasəti ölkəmizi münaqişələrin həllində etibarlı tərəfdaşa çevirib.
Azərbaycanın iştirakı Qəzza məsələsində müsəlman ölkələrinin, o cümlədən, Türkiyə, Qətər, BƏƏ-nin səsini gücləndirəcək”.
Ölkəmizin bu quruma qoşulması həm də iqtisadi baxımdan əhəmiyyətli ola bilər. Enerji, tikinti, humanitar layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, investisiya imkanları və yeni əlaqələr yarada bilər”.
“Bütün bunlarla yanaşı müəyyən risklər də var. Çünki Azərbaycanın müttəfiqi olan İsrail Qətər və Türkiyənin iştirakından narazıdır. Bu da regionda balanlı siyasət aparan ölkəmiz üçün əlavə suallar yaradır.
Bundan başqa üzvülük haqqı kimi bir milyard dollar böyük məbləğdir. Azərbaycanın neft-qaz ehtiyatları və 2025-ci ilin büdcə artımı bunu idarə etməyə imkan verə bilər” – siyasi şərhçi deyib.
Atilla Rzasoy












