Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə mümkün danışıqlar və müharibənin gələcək gedişatı barədə növbəti sərt bəyanatlarla çıxış edib. O, Moskvaya getmək ehtimalını tamamilə istisna edərək bu cür siyasi gedişlərdə iştirak etməyəcəyini vurğulayıb.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı Rusiya tərəfi ilə diplomatik təmasların reallaşa biləcəyi alternativ məkanlar kimi Türkiyə, İsveçrə və ya Yaxın Şərqi göstərib. Lakin Zelenski əlavə edib ki, Rusiya rəhbərliyi hələ ki müharibəni dayandırmaq niyyətində deyil.
Prezident çıxışında qarşıdan gələn qış mövsümünə də toxunaraq Rusiyaya ciddi xəbərdarlıq mesajı ünvanlayıb. O, Ukraynanın çox dəhşətli bir qış keçirdiyini xatırladaraq, növbəti soyuq ayların Rusiya üçün də heç də asan olmayacağını bəyan edib. Rusiya cəmiyyətindəki daxili vəziyyəti də şərh edən Zelenski, hazırda rusiyalıların təxminən 60%-nin bu müharibənin dərhal dayandırılmasının tərəfdarı olduğunu iddia edib.
Siyasi analitiklər Ukrayna liderinin qış mövsümü ilə bağlı bəyanatını son dövrlərdə Rusiyanın mühüm enerji və yanacaq infrastrukturlarına qarşı intensivləşən dron hücumları fonunda mühüm bir xəbərdarlıq kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az











