TƏCİLİ! 102-ci bazada nə baş verir? - Rusiya İrəvana hər an qoşun yeridə bilər

TƏCİLİ! 102-ci bazada nə baş verir? - Rusiya İrəvana hər an qoşun yeridə bilər

Ermənistan ilə Rusiya arasında son dövrlər gündən-günə dərinləşən siyasi soyuqluq və iqtisadi qarşıdurma yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. "Rosselxoznadzor"un Ermənistandan süd və süd məhsullarının idxalına qadağa qoyması ilə başlayan sanksiya dalğası sadəcə ərzaq ticarəti ilə məhdudlaşmır; ekspertlərin qənaətincə, bu, Moskvanın İrəvana qarşı tətbiq etdiyi mərhələli təzyiq siyasətinin hələ başlanğıcıdır. Rəsmi İrəvanın son illərdə nümayişkaranə şəkildə Qərbə inteqrasiya kursu götürməsi, Avropa İttifaqı və ABŞ ilə təmasları intensivləşdirməsi Kreml tərəfindən açıq narazılıqla qarşılanır. Uzun müddət həm Avrasiya İqtisadi İttifaqının imtiyazlarından yararlanmağa, həm də paralel şəkildə Qərbin dəstəyini qazanmağa çalışan Ermənistan hakimiyyəti artıq Moskvanın sərt divarı ilə üz-üzə qalıb. İqtisadi məhdudiyyətlərin dairəsinin genişləndiyi bir vaxtda, iki ölkə arasında əsl gərginliyin Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının taleyi ətrafında alovlanacağı gözlənilir. İrəvanda radikal dairələrin və bəzi siyasi qüvvələrin rus hərbi bazasının ölkədən çıxarılması ilə bağlı səsləndirdikləri çağırışlar fonunda, yaxın zamanlarda keçiriləcək ikitərəfli müzakirələrdə bu bazanın statusunun əsas gündəm mövzusuna çevriləcəyi və Moskvanın Ermənistanın hərbi mövcudluqla bağlı qəti mövqeyini tələb edəcəyi iddia olunur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Rusiyanın Ermənistana qarşı iqtisadi rıçaqlardan, xüsusən də ərzaq məhsullarına qadağalardan istifadə etməsi Moskvanın İrəvanın Qərbə meyllənməsinə qarşı cavab tədbirlərinin ilk addımıdır və bu proses qaçılmaz olaraq hərbi-siyasi müstəviyə daşınacaq: "Moskva uzun müddət Ermənistanın ikiqütblü siyasətinə göz yummağa çalışdı, lakin İrəvanın açıq şəkildə Rusiya təsir dairəsindən çıxaraq Qərb paytaxtları ilə hərbi-siyasi əməkdaşlıq qurması Kreml üçün səbr kasasını doldurdu. Südlü məhsulların qadağan edilməsi sadəcə iqtisadi xəbərdarlıqdır, əsl geosiyasi zərbə isə Gümrüdəki 102-ci hərbi bazanın gələcəyi müzakirə olunarkən vurulacaq. Kreml İrəvandan tam şəkildə sədaqət tələb edir, Ermənistan rəhbərliyi isə daxildəki qərbpərəst elektoratın təzyiqi ilə hərbi mövcudluq məsələsini manipulyasiya etməyə çalışır, lakin bu oyunun nəticəsi İrəvan üçün çox ağır ola bilər".

Onun sözlərinə görə, Gümrüdəki rus bazasının taleyinin masaya gəlməsi Cənubi Qafqazda qüvvələr balansını kökündən dəyişə biləcək potensiala malikdir və bu qarşıdurma regionda yeni gərginlik ocaqları yarada bilər: "Ermənistan hakimiyyəti düşünür ki, Rusiyanın iqtisadi və hərbi təzyiqlərindən Qərbin dəstəyi ilə qurtula biləcək, lakin bu, təhlükəli illüziyadır, çünki Rusiya hərbi bazasını elə-belə təslim edən ölkə deyil. İrəvanla Moskva arasında iqtisadi sanksiyaların hansı sahələri əhatə edəcəyindən asılı olmayaraq, əsas hədəf 102-ci bazadır və yaxın aylarda bu məsələ üzrə baş verəcək proseslər Ermənistanın gələcək taleyini həll edəcək. Rusiya öz hərbi mövcudluğunu qorumaq üçün bütün təzyiq mexanizmlərini işə salacaq, İrəvanın isə bu təzyiqlərə uzun müddət dözmək iqtisadi və siyasi resursları yoxdur".