Türkiyədə baş verənlərlə bağlı sensasion detallar - Kılıçdaroğlunu nələr gözləyir?

Türkiyədə baş verənlərlə bağlı sensasion detallar - Kılıçdaroğlunu nələr gözləyir?

Türkiyədə cərəyan edən son siyasi proseslər, xüsusilə ana müxalifət partiyası daxilindəki gərginliklər və respublika dəyərləri uğrunda aparılan mübarizə regional ekspertlərin və politoloqların diqqət mərkəzindədir. Tarixi baxımdan Anadoluda modernizasiya və demokratikləşmə proseslərinin xalq hərəkatları deyil, daha çox elitaların iradəsi ilə gerçəkləşdiyini qeyd edən analitiklər rəsmi orqanların və xuntaların hakimiyyəti hər zaman yuxarıdan aşağıya ötürdüyünü vurğulayırlar. Lakin bu gün gəlinən nöqtədə, türk xalqının öz demokratik hüquqları və seçmə-seçilmə haqqı üçün fərdi şəkildə mübarizə aparmaq və bədəllər ödəmək məcburiyyətində qaldığı qeyd olunur, çünki əks halda ölkənin Orta Şərqin despotik rejimləri sırasına qatılmaq təhlükəsi sürətlə artmaqdadır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, siyasət xalq üçün, xalqla birlikdə həyata keçirilən fəaliyyətdir və real nəticə əldə etmək üçün elitar qapalılıqdan imtina edilməlidir: "Ehtişamlı binalar, dəbdəbəli ofislər zərurət deyil. Dörd divar arasından çıxaraq küçədə insanların duyğularına xitab edə, onlarla həmdərd ola bilirsinizsə, bağlı qapılar arxasında elitlərarası anlaşmalar yolu ilə siyasət qurmaqdan imtina edərək xalqla birlikdə hərəkət edirsinizsə, onun sevgi və dəstəyinə nail olursunuz. Bu baxımdan Özgür Özəlin bugünkü qərarları və davranışları partiya sədrliyindən gerçək liderliyə doğru iri addımdır. O, krizisi yaxşı idarə etdi. Dramatik başlayan, müxalif kütlələrdə depressiv əhvala səbəb olan gərgin gün Böyük Millət Məclisinə yürüş və oradakı parkda spontan mitinqin nəticəsində gələcəklə bağlı ümid işığının yenidən yanması ilə yekunlaşdı. Maddi-texniki itkini siyasi qazanca çevirmək mümkün oldu".

Onun sözlərinə görə, müxalifət düşərgəsindəki hazırkı böhran mövcud strukturların və brendlərin artıq tükəndiyini göstərir və qarşıdakı ağır mərhələdə köhnə idarəçilik modellərinə qayıdış real görünmür: "Mən CHP markasının artıq müvəqqəti olaraq itirildiyini düşünürəm və Kılıçdaroğunu ora qaytaran gücün fövqəladə qurultay keçirilməsinə imkan verəcəyinə inanmıram. İpi başqalarının əlində olan işbirlikçi kukla çirkinləşməyə davam edəcək, onunla çənə-boğazın mənası yoxdur, zatən qərarları da o vermir. Karfagen sərkərdəsi Hannibalın dediyi kimi, ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır".

Politoloq qeyd edib ki, yaranmış siyasi dalandan çıxmaq və tənəzzülün qarşısını almaq üçün müxalif qüvvələr tərəfindən tamamilə yeni və radikal addımların atılması qaçılmazdır: "Mövcud hüquqi və siyasi reallıqlar fonunda vaxt itirmədən köhnə rəmzlərdən imtina etmək lazımdır. Çox gecikmədən yeni siyasi partiyanın bayrağı altında mübarizənin növbəti mərhələsinə başlamaq lazımdır".