Rusiyadan ehtimal edilən nüvə təhlükəsi mövzusu daim Qərb ölkələrinin gündəmindədir, halbuki Moskvadan bu barədə heç bir açıqlama verilməyib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Qlobal səviyyədə hibrid müharibəyə start verən və bunu elan edən həmin liberal rejimlərin nümayəndələri demək olar ki, hər gün bu mövzunu müzakirə edirlər. Hər gün nüvə silahı mövzusu Qərb rejimlərinin gündəminə gəlir”, – deyə XİN-in sözçüsü bildirib.
Zaxarova qeyd edib ki, “Rusiya bütün dünyanı nüvə silahı ilə təhdid edir” iddiasına baxmayaraq, indiyədək Moskvadan bu mövzuda bir açıqlama da verilməyib: “Bunu Britaniya, ABŞ, Yaponiya və Avropa İttifaqına üzv olan bir sıra dövlətlər deyirlər. Amma Rusiyanın bir rəsmi nümayəndəsi, dövlət məmuru, birbaşa ölkənin idarəetmə sistemində təmsil olunan şəxs bu barədə danışmayıb, kimisə təhdid etməyib, ümumiyyətlə, bu haqda bir söz deməyib”.











