Texnologiya sektorunda işçi ixtisarları davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu dəfə "TikTok" ABŞ-dəki fəaliyyətində yenidən strukturlaşma çərçivəsində 250 əməkdaşı ilə yollarını ayırmağa qərar verib.
Şirkət ABŞ-nin Neşvill şəhərindəki ofisini bağlayacaq. İxtisar ediləcək əməkdaşlar arasında kontent moderasiyası ilə məşğul olan işçilər də var.
"TikTok" qərarın əməliyyatların səmərəliliyini artırmaq və komandaları şirkətin uzunmüddətli inkişaf hədəflərinə uyğunlaşdırmaq məqsədilə qəbul edildiyini bildirib.
"TikTok" "USDS Joint Venture" şirkətinin sözçüsü Zanna Krouli də qərarı təsdiqləyib. O bildirib ki, dəyişikliklərə baxmayaraq, "TikTok" ABŞ-dəki 200 milyon istifadəçisinə təhlükəsiz və müsbət təcrübə təqdim etməyə davam edəcək.
İxtisar qərarı şirkətlərin kontent moderasiyası proseslərində süni intellektdən istifadəsini artırdığı bir dövrə təsadüf edir. Bu da TikTok-un moderasiya əməliyyatlarında dəyişikliklər apardığını göstərir.
"TikTok"un 2024-cü ildə icarəyə götürdüyü Neşvill ofisinin oktyabrın 5-də bağlanması planlaşdırılır.
Son dövrlərdə texnologiya şirkətləri artan xərclər, iqtisadi qeyri-müəyyənlik və süni intellektin biznes proseslərinə daha geniş inteqrasiyası fonunda işçi sayını azaltmağa və əməliyyatlarını yenidən qurmağa davam edirlər. (Valyuta.az)









