Apteklərdə bəzi dərmanlar niyə tapılmır? – VİDEO

Apteklərdə bəzi dərmanlar niyə tapılmır? – VİDEO

Son bir neçə gündür ki, apteklərə üz tutanlar ya əliboş qayıdır, ya da başqa dərman əvəzləyicisi almağa məcbur olurlar. Xüsusilə multivitaminlər, sistemlər, öskürək dərmanları tapılmır.

NOCOMMENT xəbər verir ki, apteklərdən bildirilib ki, ən çox dərman qıtlığı ilkin tibbi yardım üçün lazım olan preparatlarda yaşanır. Bəzi dərmanlar isə, umumiyyətlə, yoxdur. Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur. Xüsusilə antibiotiklərin tapılmadığı bildirilir.

Əczaçılar deyirlər ki, Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün depolarda bu preparatlar azalıb. Ukraynadan və Rusiyadan gətirilən dərmanlara tələbat isə həddindən artıqdır. Hazırda müharibə davam etdiyindən iki ölkə də dərman ixracına məhdudiyyətlər qoyub.

Tibb eksperti Rasif Bağırov da “Xəbər Ertəsi”nə açıqlamasında apteklərdə yaranan dərman qıtlığının əsas səbəblərdən birinin məhz Rusiya ilə Ukrayna arasında gedən müharibə olduğunu deyir. Həkim bildirib ki, ürək damar, mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün lazım olan dərmanlar məhz bu iki ölkədən gətirilir. Ekspertin fikrincə, bəzi dərman preparatlarının əvəzləyicisi olsa da, keyfiyyəti o dərmanları əvəz eləmir.

Ekspert həmçinin onu da bildirib ki, tərkibi eyni olsa belə, alıcılara alternativ preparatlar satmaq düzgün deyil. Çünki bəzi insanlarda dərmanlara qarşı asılılıq yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir.