Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə 87 yaşında vəfat edib.
NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a mərhumun qızı Firuzə Sultanzadə məlumat verib.
O bildirib ki, mərhum ötən gecə dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün II Fəxri Xiyabanda – atasının yanında torpağa tapşırılacaq.
Vəhdət Sultanzadə diplomatik fəaliyyəti dövrü (55 il) ərzində müxtəlif rəhbər vəzifələri tutub. Keçmiş SSRİ-nin mükafatları ilə təltif edilib. Birləşmiş Millətlər Təşkilatının “Dünyada sülhün qorunması işinə verdiyi töhfəyə görə” yubiley medalı ilə mükafatlandırılıb.
Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 6 saylı məktəbdə alıb. Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin məzunudur.
Peşəkar diplomat karyerası boyunca Əfqanıstan, İran, Mərakeş, Türkiyə və Türkmənistanda attaşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif nüfuzlu vəzifələrdə çalışıb.
O diplomatiya fəaliyyətinə ötən əsrin 60-cı illərində Əfqanıstanda tərcüməçi (1962-1966) kimi başlayıb.
1970-1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində müxtəlif vəzifələr tutub. Daha sonra SSRİ-nin İran İslam Respublikasındakı konsulu olub. 1-ci dərəcəli Müşavir diplomatik dərəcəsini alıb.
1988-1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu olub.
1991-1993-ci illərdə Rusiyanın və Azərbaycanın Türkiyə Respublikasındakı konsulu kimi fəaliyyət göstərib. O, İstanbulda xarici diplomat olaraq 2 il ərzində eyni zamanda iki ölkəni təmsil edib – Azərbaycanı və Rusiyanı.
1992-ci ildə Azərbaycanın İƏT-ə daxil olmasını təşkil edib. Bakı-İstanbul marşrutu ilə ilk turist reysini təşkil edib.
1994-cü ildə İƏT-ə üzv ölkələrin Kasablanka şəhərində (Mərakeş Krallığı) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib. Vəhdət Sultanzadənin səyləri nəticəsində bu zirvə görüşündə İƏT-in qəbul etdiyi qətnamədə Ermənistan ilk dəfə olaraq Azərbaycana qarşı təcavüzkar kimi qəbul edilib.
1997-ci ildə İƏT-ə üzv ölkələrin Tehran şəhərində (İran İslam Respublikası) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib.
2006-2010-ci illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib.
“Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə” Türkmənistanın dövlət mükafatına – “Vatana bolan söýgüsi üçin” (“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilib.
2010-2015-ci illər aralığında Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. O, Xəzər dənizində Azərbaycan-Türkmənistan “Dostluq” karbohidrogen yatağının istismarı layihəsinin birinci mərhələsində fəal iştirak edib.
2015-ci ildə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. (Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri olmaqla yanaşı).
V.Sultanzadə Türkmənistan və Əfqanıstanda 10 ildən çox çalışdıqdan sonra, 2020-ci ildə diplomatik xidmətini tamamlayıb.
Yaxın Şərqin diplomatiyası, tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında silsilə məqalələrin və kitabların (“Diplomatik protokolun praktiki məsələləri”, “Nizaminin hikmət və nəsihətləri” adlı 2 nəşr, 5 cildlik “Heydər Əliyev və Şərq” əsərinin həmmüəllifi) müəllifidir. Sakıp Sabancının “Dəyişən və yüksələn Türkiyə” kitabını Azərbaycan dilində hazırlamış və nəşr etmiş, fars dilində “Heydər Əliyev və İran” adlı kitab nəşr etmişdir.
2018-ci ildə Vəhdət Sultanzadənin “Diplomatiya: içəridən baxış” kitabı nəşr olunub.













