“Ləğv edilmiş Naxçıvan Duz Muzeyinin Duzdağ Müalicə Mərkəzinə aidiyyəti yoxdur”.
NOCOMMENT.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq “Duzdağ Müalicə Mərkəzi” MMC-nin tabe olduğu Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Mətbuat Xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub ki, sözügedən muzey əvvəllər Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərib və Duzdağ Müalicə Mərkəzi ilə hər hansı inzibati və ya hüquqi bağlılığı olmayıb.
Əlavə edilib ki, Naxçıvandakı məşhur Duzdağ Müalicə Mərkəzi fəaliyyətini davam etdirir:
“Bütün qonaqları Duzdağın şəfalı mühitindən yararlanmağa dəvət edirik. Bəzi media resurslarında yayılan “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbərlərdə Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən yanlış təsəvvür yaradıb. Qeyd etmək istərdik ki, Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir.
Duzdağ Müalicə Mərkəzi hazırda fəaliyyətini genişləndirir, müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Mərkəz həm yerli, həm də xarici qonaqlar üçün unikal təbii şəfa mühiti təqdim etməklə, regionun aparıcı sağlamlıq və turizm məkanlarından biri kimi fəaliyyət göstərir”.
***10:41
Naxçıvan Duz Muzeyi ləğv edilib.
NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, Muzey artıq fəaliyyətini dayandırıb.
Muzeyin ləğv edilmə səbəbi məlum deyil.
Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.
Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey 2017-ci ildə Vasif Talıbovun qərarı ilə yaradılmışdı. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun əhəmiyyətini diqqətə çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
Muzeydə daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstər və digər dəyərli eksponatlar qorunub saxlanılırdı.
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.












